Lənkəran Dövlət Dram Teatrında
9 Noyabr 2023
Noyabrın 8-i Lənkəran Dövlət Dram Teatrında Zəfər Gününə həsr olunmuş tədbir gerçəkləşib.
Lənkəran şəhərinin icra hakimi Taleh Qaraşov, millət vəkili Ziyafət Əsgərov, şəhərin digər vəzifəli şəxsləri, şəhid ailələri, qazilər, hərbçilər və şəhər ictimaiyyəti tədbirin qonağı olub.
Əvvəlcə teatrın qarşısında Lənkəran məktəblilərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Sonra Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin Lənkəran Dövlət Dram Teatrı ilə birlikdə lentə aldığı, Vətən Müharibəsində qazanılmış Şanlı Qələbəmizin üçüncü ildönümünə həsr olunmuş "Zəfər zəngi" filminə baxış keçirilib.
Daha sonra isə Anar Babalının müəllifi və quruluşçu rejissoru olduğu "Haqqın 44 günü" kompozisiya-tamaşasının nümayişi baş tutub.
Tədbiri giriş sözü ilə açan Lənkəran Dövlət Dram Teatrının aktrisası, Prezident mükafatçısı Aynur Əhmədova tədbir iştirakçılarını bu gün münasibəti ilə təbrik edib. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Daha sonra Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisi, Prezidentin fərdi təqaüdçüsü Qabil Quliyev çıxış edərək ordumuzun Vətən Müharibəsi zamanı keçdiyi döyüş yolundan və Şanlı Qələbəmizdən söhbət açıb.
Kompozisiya-tamaşa izləyicilər tərəfindən böyük coşğu ilə qarşılanıb.