Lənkəran Konserv Zavodu ASC teatrımızın qonağı olub

8 Oktyabr 2023


Sentyabrın 24-ü “Azərsun Holding” MMC-yə məxsus Lənkəran Konserv Zavodu ASC Lənkəran Dövlət Dram Teatrında “Haqqın 44 günü” tamaşasını izləyib. Tədbiri giriş sözü ilə açan Lənkəran Dövlət Dram Teatrının direktoru vəzifəsini icra edən İntiqam Hacılı qonaqları salamlayaraq teatrda daim dövlətimizin ideoloji xəttinə uyğun tədbirlər keçirildiyini, bugünkü tədbirin həm 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsinə, həm də 2023-cü ilin sentyabrında baş vermiş antiterror əməliyyatına həsr edildiyini vurğulayıb.

Daha sonra çıxış edən Lənkəran Konserv zavodunun direktoru Nurlan Əliyev yaradılan şərait üçün teatr rəhbərliyinə təşəkkür edib, Azərbaycanın qida sənayesi üzrə aparıcı istehsalçılarından olan “Azərsun Holding”in işçilərinin 44 günlük Vətən müharibəsi zamanı arxa cəbhədə var qüvvələri ilə çalışdığını, tarixi qələbəmizin qazanılmasına öz töhfəsini verdiyini bildirib.

Daha sonra “Haqqın 44 günü” tamaşasının nümayişi baş tutub. Anar Babalının müəllifi və quruluşçu rejissoru olduğu bu səhnə əsərində igid oğullarımızın 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətlər obrazlı şəkildə əksini tapır.

Maraqla izlənilən tamaşanın musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Əsas rolları aktyorlardan Səyad Əliyev, Emil Rzayev,  Şəbnəm Hüseynova, Aysel Cahangirova, Günel Abbaszadə, Vəfa Hacızadə, Teymur Hacızadə və Amil İbrahimli ifa ediblər.