Ağaddin Babayev

Ədəbi-dram hissə rəhbəri


15 mart 1956-cı ildə Lənkəran rayonunun Şağlaser kəndində anadan olub. 1972-ci ildə Şağlaser kənd tam orta məktəbini bitirib. 1974-1976-cı illərdə həqiqi hərbi xidmətdə olub. 1972-ci ildən əmək fəaliyyətinə başlayıb. Lənkəranın keçmiş Lenin adına sovxozunda fəhlə, Bakıda “Qırmızı Ulduz” İstilik-Elektrik Stansiyasında qazan maşinisti, Bakının Nərimanov rayon kommunal təsərrüfatı şöbəsində fəhlə və briqadir işləyib. 1979-cu ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsinin axşam şöbəsinə daxil olub və 1985-ci ildə bitirib.  Lənkəran Dövlət Dram Teatrında ədəbi hissə müdiri, “Lənkəran” qəzeti redaksiyasında müxbir və şöbə müdiri, “Bakinski raboçi” qəzeti redaksiyasında xüsusi müxbir, APA İnformasiya Agentliyinin Cənub bölgəsi üzrə müxbiri vəzifələrində çalışıb. Hazırda  Lənkəran Dövlət Dram Teatrında ədəbi-dram hissə rəhbəri kimi əmək fəaliyyətini davam etdirir.

Üç yaradıcılıq təşkilatının – Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Teatr Xadimləri İttifaqının üzvü olan A.Babayev 40 ildən çoxdur ki, bədii yaradıcılıqla məşğuldur. Hekayə, pyes və şeirləri, habelə rus və dünya ədəbiyyatından tərcümələri müxtəlif mətbu orqanlarında dərc olunub.

Qələmə aldığı “Kaloğlanın sərgüzəştləri”, “Sehrli sandıq”, “Üç qardaş”, “Comərdin hünəri”, “Yeni il möcüzəsi”, “Ağlama, qərənfil, ağlama” pyesləri, tərcümə etdiyi G.Xuqayevin “Andro və Sandro”, V.Qubaryevin “Sehrli yaylıq”, L.Korsunskinin “Kələkbaz”, S.və H. Lətipovların “Evlən, oğul, evlən!” əsərləri Lənkəran və Mingəçevir dövlət dram teatrlarında tamaşaya qoyulub.  

Ağaddin Babayev iki kitab müəllifidir. Bir sıra yazı müsabiqələrinin, o cümlədən dəfələrlə  Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi yazı müsabiqəsinin qalibi olub.

 “Qızıl Qələm” media mükafatının laureatıdır.