Teatr


  • Teatrın Tarixi


    Teatr

     

    Lənkəranda teatr əsaslı fəaliyyətə 1891-ci ilin 18 yanvarında başlayıb. Bu barədə məlumat tədqiqatçı-teatrşünas Qulam Məmmədlinin tərtib etdiyi və 1975-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında çapdan çıxmış “Azərbaycan teatrının salnaməsi (1850-1920)” kitabında öz əksini tapıb. Kitabın 65-ci səhifəsində “1891-ci il, 18 yanvar, Lənkəran” başlıqlı yazıda oxuyuruq: ”Obşestvennoye sobraniyenin zalında, iki sinifli Lənkəran şəhər məktəbinin yoxsul uşaqları nəfinə həvəskarlar tərəfindən tamaşa verilmişdir”. Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitunun təqdimatına əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 7 avqust 2009-cu il tarixli 339 nömrəli əmri ilə Lənkəran Dövlət Dram Teatrının yaşı məhz bu tarixdən – 18 yanvar 1891-ci ildən təsdiqlənib.

     

    Şəhərdə teatrın təşəkkül tapmasında görkəmli səhnə ustası, SSRİ xalq artisti Sidqi Ruhullanın böyük yaradıcılıq köməyi olub. 1912-ci ildə Lənkərana gələn Sidqi Ruhulla burada dram heyəti yaratmaq istəyən həvəskarlarla “Bəxtsiz cavan”, “Nadir şah” faciələrini, H.Rzayevin “Cəhalət” və N.B.Vəzirovun “Ev tərbiyəsinin bir şəkli” komediyalarını səhnələşdirib.

     

    1923-cü ildə yerli ziyalılardan Teymur Şahverdiyevin “Altı rəfat” və “Həqiqi röya” pyeslərinin tamaşaları da Lənkəranın mədəni həyatında böyük əks-sədaya səbəb olub. Hər iki əsər yenicə yaradılmış Hüseyn Ərəblinski adına Rayon Xalq Teatrı artistlərinin və yerli ziyalıların qüvvəsi ilə hazırlanıb.

     

    Xalq teatrı təxminən 10 ildən çox fəaliyyət göstərərək sonralar yaradılmış peşəkar teatr üçün zəmin yaradıb. Respublikanın adlı-sanlı artistləri və müğənnilərindən Həqiqət Rzayeva, Münəvvər Kələntərli, Haşım Kələntərli, İsmayıl Talışinski, Cahan xanım Talışinskaya kimi məşhur sənətkarlar ilk addımlarını məhz Lənkəran xalq teatrının səhnəsində atıblar.

     

    1934-cu ilin payızında Lənkəranda açılan Lənkəran Musiqili Dövlət Dram Teatrı 1949-cu ilə kimi səmərəli fəaliyyət göstərib. Teatrın ilk direktoru və baş rejissoru Əməkdar artist Süleyman Səlimbəyov olub. Müharibə illərində böyük yaradıcılıq müvəffəqiyyətlərinə görə teatrın direktoru və rejissoru Qəni Vəliyev və aktyor Kamil Nəcəfov Azərbaycanın Əməkdar artisti fəxri adına, bir qrup aktyor isə respublika Ali Sovetinin Fəxri Fərmanına layiq görülüb.

     

    1949-cu ildə Lənkəran Musiqili Dövlət Dram Teatrından Dövlət Dram Teatrı statusu alınıb, həmin ilin dekabrında rayonda yenidən H.Ərəblinski adına Lənkəran Xalq Teatrı təşkil edilib. Cavan yaradıcı qüvvələrlə müntəzəm iş aparmaq, yeni-yeni istedadları axtarıb tapmaq, öz repertuarını müasir həyatla səsləşən əsərlərlə zənginləşdirmək və beləliklə də xalqa yüksək mədəni xidmət göstərmək kimi vəzifələr Xalq Teatrının əsas fəaliyyət proqramı olub. Teatra respublikanın əməkdar artisti Kamil Nəcəfov rəhbərlik edib.

     

    1973-cü il dekabrında teatrın Dövlət Dram Teatrı statusu yenidən bərpa edilib, dekabrın 6-sı teatr M.İbrahimovun “Yaxşı adam” tamaşası ilə yenidən öz pərdəsini sənətsevərlərin üzünə açıb.

     

    Teatr 1976-cı ildə gənclərin estetik tərbiyəsi işi sahəsində fəaliyyəti və Mixail Musiyenkonun “Nəsillər, eşidin!” əsərinin tamaşasına görə “Respublika gənclər mükafatı” laureatı adına layiq görülüb.

     

    Yarandığı ilk dövrdən sağlam mənəvi prinsiplər üzərində təşəkkül tapan Lənkəran Dövlət Dram Teatrı ötən müddət ərzində 270-dən çox əsərə səhnə həyatı verib. Repertuarında Azərbaycan dramaturqlarının əsərləri ilə yanaşı, Qərbi Avropa, rus və digər ölkə xalqlarının dramaturgiyasından incilərin mühüm yer tutduğu bu sənət ocağı fəaliyyəti dövründə nəinki respublikamızda, eyni zamanda bir sıra xarici ölkələrdə keçirilən Beynəlxalq festivallarda uğurlar qazanıb. Teatr 25-30 may 2007-ci il tarixlərində Türkiyə Cümhuriyyətinin Dənizli şəhərində keçirilən Beynəlxalq teatr festivalında Üzeyir Hacıbəylinin “Olanlardan keçənlərdən” tamaşasıyla, 17-26 aprel 2008-ci il tarixlərində Türkiyə Cümhuriyyətinin Konya şəhərində keçirilən “Min səs, bir nəfəs” Beynəlxalq Teatr Festivalında Elçinin “Dəlixanadan dəli qaçıb” tamaşasıyla, 2009-cu ilin iyun ayında Azərbaycan Respublikasının Gəncə şəhərində keçirilən “Yeni teatr” 1-ci Respublika festivalında G.Fiqeyredonun ”Ezop” tamaşasıyla, 2010-cu ilin noyabr ayında Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində keçirilən 15-ci Beynəlxalq Teatr Festivalında və 9-15 may 2011-ci il tarixlərində bu ölkənin Dənizli şəhərində keçirilən Beynəlxalq teatr festivalında Qriqori Qorinin “Herostratı unudun!” tamaşasıyla respublikamızı təmsil edib.

     

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində 2014-cü ilin sentyabr ayının 10-dan 19-dək Şəkidə keçirilən I Beynəlxalq teatr festivalında teatrın truppası italyan dramaturq E.Filipponun “Ruhlar” tamaşası ilə çıxış edərək təşkilat komitəsi tərəfindən diplom və xatirə hədiyyəsi ilə mükafatlandırılıb.

     

    Qazandığı uğuların nəticəsi olaraq 2016-cı ilin iyun ayından Lənkəran Dövlət Dram Teatrına “Aparıcı teatr” stasusu verilib.

     

    Özünün bütün fəaliyyəti boyu Lənkəran teatrı digər ölkə teatrları və ya əcnəbi rejissorlarla əməkdaşlığa önəm verib. Bolqarıstandan Xristo Stoyçev, Gürcüstandan Zurab Pxakidze, Ukraynadan Arkadi Nepitalyuk və digər ölkələrdən dəvət edilmiş rejissorlar teatrda maraqlı tamaşalar hazırlayıblar.

     

    2015-ci ilin dekabrında İrandan dəvət edilmiş rejissor Xeyrullah Təğiyənipur dramaturq Bəhram Beyzayinin “İlan Sultan” əsərinə maraqlı səhnə quruluşu verib. Bu tamaşa İranla Azərbaycan arasında mədəni əlaqələrin genişlənməsində mühüm əhəmiyyət kəsb edib. Belə ki, Lənkəran teatrının İran İslam Respublikasının Mədəniyyət Nazirliyinin Teatr-Dram Sənəti Baş İdarəsi ilə bağladığı müqaviləyə əsasən “İlan Sultan” tamaşası Lənkəranla yanaşı, İranın bir sıra şəhərlərində, həmçinin 2016-cı ilin yanvar ayında Tehran şəhərində keçirilən 34-cü Beynəlxalq Fəcr Teatr Festivalı çərçivəsində bu ölkənin Təbriz və Məşhəd şəhərlərində uğurla nümayiş etdirilib. Teatr həmçinin İran İslam Respublikasının Həmədan şəhərində keçirilən 24-cü Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalında P.Nurəliyevanın “Dəcəl keçi” (1-6 dekabr 2017-ci il), Həmədan şəhərində keçirilən 25-ci Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalında Əjdər Olun “Meşəbəyinin dostları” (20-25 noyabr 2018-ci il), Zəncan şəhərində keçirilən 4-cü Milli Teatr Festivalında E.Əskərovun “Sehrbazlar dərəsi” (8-12 iyul 2019-cu il), Tehran şəhərində keçirilən “Adət-Ənənə” Milli Teatr Festivalında iranlı rejissor Bəhram Beyzayini “Senemar” (14-18 avqust 2019-cu il) tamaşaları ilə çıxış edərək, bu mötəbər sənət yarışmalarında diplomlarla mükafatlandırılıb.

     

    2019-cu il iyunun 1-də Lənkəran Dövlət Dram Teatrı 1-ci Lənkəran Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Bu möhtəşəm sənət bayramında ölkəmizin 10 sənət ocağı - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Bakı Uşaq Teatrı, Qax Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı, Salyan Dövlət Kukla Teatrı və müstəqil “Ol” Teatrı ilə yanaşı, həmçinin Böyük Britaniyanın “Two Destination Language” Teatrı, Gürcüstanın “Azadlıq” Teatrı, İranın Ərdəbil şəhərinin “Muğan Hünər”, Təbriz şəhərinin “Mika” və "Ünvan" teatrının kollektivləri iştirak edərək öz məharətlərini nümayiş etdiriblər.

     

     
     
     

  • Keçmiş Repertuar


    Teatr

    21.12.2024 / L.Hüseynova "Tilsimli sandıq" - Rejissor : Laləzər Hüseynova


    06.11.2024 / Q.Cəfərov "Şəhid Bayrağı" - Rejissor : Emil Əskərov


    27.10.2024 / Ə.Hüseynov "Xoşbəxtlik quşu" - Rejissor : Laləzər Hüseynova


    29.10.2024 / C.Zeynallı “Tanrı quşu gəlmədi” - Rejissor : Anar Babalı


    22.10.2024 / R.Əlizadə “Günah” - Rejissor : Anar Babalı


    06.10.2024 / A.Fuqardin "Dimetos" - Rejissor : Nicat Mirzəyev


    09.03.2024 / M.Ağayev "Yaxşılığa yaxşılıq" - Rejissor : Günay Səlimsoy


    20.02.2024 / H. Piriyev “Karlsonun macəraları” - Rejissor : Anar Babalı


    23.12.2023 / H. Piriyev “Qış nağılı” - Rejissor : Anar Babalı


    03.12.2023 / Q. Nəcəfzadə “İki iyirmi üç arasında” - Rejissor : Emil Əskərov


    05.11.2023 / Ş.Şəfi “Arı pətəyi” - Rejissor : Emil Əskərov


    30. 09.2023 / P.Turini “Bu da axırı” - Rejissor : Abdulla Elşadlı


    14.10.2023 / Ç.Aytmatov “Cəmilə” - Rejissor : İmran Ali Qurban


    17.09.2023 / Ə.Haqverdiyev “The Müqəssir” - Rejissor : Abdulla Elşadlı


    06.04.2023 / T. Abdullayev “Yalançı şahzadə” - Rejissor : Tərlan Abdullayev


    19.03.2023 / K.Məmmədova “Yaşayan ölü” - Rejissor : Anar Babalı


    16.03.2023 / A.Babalı “Gəl baharım, gəl yazım” - Rejissor : Anar Babalı


    08.03.2023 / İ.Hacılı “Qapıda öpüş” - Rejissor : İntiqam Hacılı


    28.01.2023 / İ.Hacılı “Nuru babanın sərgüzəştləri” - Rejissor : İntiqam Hacılı


    23.12.2022 / İ.Hacılı “Qar qızın axtarışı” - Rejissor : İntiqam Hacılı


    2022 / Məmmədhüseyn Əliyev "Prokuror" - Rejissor : Oruc Qurbanov və Anar Babalı


    2022 / Kamal Abdulla "CASUS" - Rejissor : Anar Babalı


    2022 / Əli Əmirli "Sehirli alma" - Rejissor : Anar Babalı


    2022 / HAQQIN 44 GÜNÜ - Rejissor : Anar Babalı


    2022 / İlqar Fəhmi "Qanlı namə" - Rejissor : T.Abdullayev


    2021 / Nizami Gəncəvi "Sirlər xəzinəsi" - Rejissor : Oruc Qurbanov


    2021 / G. Xuqayev "Varlı ev" - Rejissor : Firudin Məhərrəmov


    21.12.2019 / Tərlan Abdullayev "Balaca qara qız" - Rejissor : Tərlan Abdullayev


    20.12.2019 / Vaqif Əlixanlı "Dənizə baxan pəncərə" - Rejissor : Adil Zeynalov


    09.11.2019 / Oruc Qurbanov "Yetim Rac" Miranda Qurbanova - Rejissor : Oruc Qurbanov


    12.10.2019 / Emil Əskərov "Sehirbazlar dərəsi" - Rejissor : Emil Əskərov


    29.09.2019 / Cəfər Cabbarlı "Vəfalı Səriyyə və yaxud göz yaşı içində gülüş" - Rejissor : Firudin Məhərrəmov


    14.05.2019 / B. Beyzayi (İran) “Senemar” - Rejissor : Qərib Mənuçehri (İran)


    27.03.2019 / M.Bayciyev (Qırğızstan) “Şənbə axşamı” - Rejissor : Oruc Qurbanov


    09.03.2019 / T.Abdullayev “Tilsimlənmiş qız” - Rejissor : Tərlan Abdullayev


    15.02.2019 / Ə.Nesin “Manyak” - Rejissor : Oruc Qurbanov


    15.12.2018 / Ağaddin Babayev “Yeni il möcüzəsi” - Rejissor : Tərlan Abdullayev


    14.10.2018 / Əjdər Ol “Meşəbəyinin dostları” - Rejissor : Emil Əskərov


    25.09.2018 / Süleyman və Həmdiyə Lətipovlar “Evlən, oğul, evlən!” - Rejissor : Adil Zeynalov


    29.06.2018 / Sofokl “Antiqona” - Rejissor : Oruc Qurbanov


    28.03.2018 / M.Meterlink “Korlar” - Rejissor : Emil Əskərov


    02.03.2018 / T.Abdullayev “Qaraca qız və Xallı ifritə” - Rejissor : Tərlan Abdullayev


    17.12.2017 / Emil Əskərov “Şaxta baba və Pərilər” - Rejissor : Emil Əskərov


    15.12.2017 / C.Məmmədquluzadə “Danabaş kəndinin məktəbi” - Rejissor : Oruc Qurbanov


    15.10.2017 / Ə.B.Haqverdiyev “Xortdanın cəhənnəm məktubları” - Rejissor : Adil Zeynalov


    13.07.2017 / Ş.Perro “Çəkməli pişik və ya Şahzadə Pyer” - Rejissor : Tərlan Abdullayev


    20.06.2017 / J.B.Molyer “Jorj Danden və ya aldadılmış ər” - Rejissor : Tural Mustafayev


    16.03.2017 / Hafis Mirzə “Ay lolo və ya moskvalı gəlin” - Rejissor : Adil Zeynalov


    09.03.2017 / Ə.Qurbanov “Ceyranın ad günü” - Rejissor : Tərlan Abdullayev


    24.12.2016 / Luidji Lunari "Üç nəfər yelləncəkdə" - Rejissor : Tural Mustafayev