Əlibala Əsgərov

Dram artisti


Əlibala Əfsər oğlu Əsgərov 28 yanvar 1955-ci ildə Sumqayıt şəhərində anadan olub. 1972-ci ildə orta məktəbi bitirdikdən sonra Sumqayıt şəhər mədəniyyət evində əmək fəaliyyətinə başlayıb. Lənkəran Dövlət Dram Teatrında  1975-ci ildən işləyir. 1978-1983-cü illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsində təhsil alıb.    
 
Aktyorun milli klassiklərimizin əsərlərinin tamaşalarında ifa etdiyi rollar: Vəzir Mirzə Həbib, Əsgər bəy (“Lənkəran xanının vəziri” və “Hacı Qara”, Mirzə Fətəli Axundzadə), Məşədi Oruc (“Ölülər”, Cəlil Məmmədquluzadə), Ağa Kərim Xan Ərdəbili (“Ağa Kərim Xan Ərdəbili”, Nəcəf bəy Vəzirov), Məşədi Seyfulla, Odabaşı və Xudayar xan, Firudin bəy, Qasid, Mirzə Qoşunəli  (“Xortdanın cəhənnəm məktubları”, “Millət dostları”, “Ağa Məhəmməd şah Qacar” və “Bəxtsiz cavan”, Əbdürrəhim bəy Haqverdiyev), Məşədi Ağakişi (“Danabaş kəndinin məktəbi”, Cəlil Məmmədquluzadə), Şiruyə (“Fərhad və Şirin”, Səməd Vurğun), Musa (“Nadir şah”, Nəriman Nərimanov).
 
Azərbaycan müəlliflərinin müxtəlif janrlı dramlarında ifa etdiyi obrazlar: Fərzəli (“Nəsrəddin”, Yysif  Əzimzadə), Kamran, Ziyad (“Vicdanın hökmü” və “Ləyaqət”, Hüseynbala Mirələmov), Vəli Qulamoviç (“Məni qınamayın”, Hidayət), Polikarpoviç (“Dəlixanadan dəli qaçıb”, yaxud “Mənim sevimli dəlim”, Elçin), Dəli Firiq (“Mamoy kişinin yuxuları”, Vaqif Səmədoğlu), Sezar (“Sezarın qətli”, Arif Mədətov), Yezid (“Kərbəla”, Bəkir Yıldız), Dursun (“Durna”, Süleyman Rüstəm), Murtuza (“Şeytan işığı”, Kamran Nəzirli), Ədalət, Şaban (“Sovqat” və “Əcnəbi kürəkən”, Maarif Məmmədov), Qüdrət, Dilənçi (“Köhnə ev” və “Varlı qadın”, Əli Əmirli), Alpay (“İlğım”, Firuz Mustafa), Atabəy (“Tilsimlənmiş qız”, Tərlan Abdullayev), Şair (“Oğru”, Əhməd Orucoğlu), Şah Abbasov (“Kaloğlanın sərgüzəştləri”, Ağaddin Babayev), Uca (“Ana laylası”, İsgəndər Coşqun), Dursun (“Durna”, Süleyman Rüstəm), Vəli Qulamoviç (“Məni qınamayın”, Hidayət).
 
Tərcümə əsərlərinin tamaşalarında çıxış etdiyi səhnə personajları: Üçüncü anadangəlmə kor (“Korlar”, Moris Meterlink), Müstəntiq Tansıkbayev (“Manqurt”, Çingiz Aytmatov), Kahin (“İblisin oyunları”, Mikloş Xubai), Aparıcı (“Herastratı unudun” Qriqori Qorin), Sultan Kərim (“Şah və əks-səda”, Hüseyn və Həmdiyyə Latıpovlar), Akast (“Mizantrop”, Jan Batist Molyer), Çiçikov (“Ölü canlar”, Nikolay Qoqol), Kuçqar (“Dəmir qadın”, Şərəf Başbəyov), Vasya dayı (“Nazirin xanımı”, Branislav Nuşiç), Canavar (“Qırmızıpapaq”, Şarl Perro), Yezid (“Kərbəla”, Bəkir Yıldız), İdris (“Evlən, oğul, evlən!”, Süleyman və Həmdiyə Lətipovlar), Şah (“Yeni il möcüzəsi”, Ağaddin Babayev), Kor kişi (“Manyak”, Əziz Nesin), Torvald Helmer (“Kuklalar evi”, Henrik İbsen), Təkgöz Həsən (“Əlibaba və qırx quldur”, nağıl əsasında işləyəni Loğman Kərimov), Həkim (“Yaşanmayan gənclik”, Savaş Dinçel).
 
Əlibala Əsgərov həmçinin “Susmuş vicdan”  (Xoren),  “Sevginin göz yaşları” (Cahangir),  “Durnalar qayıdanda” (Nuxu),  “Tam oxşarlıq” (Molla), “Bağlı qapı” (İsgəndər), “Tənha durna uçuşu” (Zabit),  “Durnalar qayıdır” (Xəstə qoca) bədii filmlərinə və seriallarına çəkilib.