Qəni Vəliyev
Əməkdar artist
Qəni Səməd oğlu Vəliyev 1914 –ci ildə Lənkəran şəhərində anadan olmuşdur. O, ilk təhsilini iki nömrəli məktəbdə almışdır. Teatr sənətinə hələ uşaq yaşlarında həvəs göstərmişdir.
1935-ci ildə Lənkəranda Dövlət Dram Teatrı təşkil ediləndə Q. Vəliyev də teatra aktyor kimi dəvət olunmuşdur. Burada o müxtəlif illərdə tamaşaya hazırlanmış S.Vurğunun “Vaqif”, C.Cabbarlının “Aydın”, “Sevil”, “Od gəlini”, S.S.Axundovun “Eşq və intiqam”, S.Rəhmanın “Xoşbəxtlər” və başqa tamaşalarda müxtəlif rollarda oynamışdır.
Böyük Vətən müharibəsinin ilk günlərində Qəni Vəliyev teatrın bir çox aktyorları ilə birlikdə cəbhədə vuruşur. 1943-cu ildə ağır yaralandığı üçün o, müharibədən qayıtmalı olur. Qəni Vəliyev Lənkəran Dövlət Dram Teatrında yaradıcılıq fəaliyyətini yenidən davam etdirir.
İstedadlı aktyor Qəni Vəliyev 1943-cü ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə respublikanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür. Həmin il Qəni Vəliyev teatra direktor vəzifəsinə təyin olunmuşdur. Qəni Vəliyev yaradıcılığının çiçəkləndiyi bir vaxtda – 1949-cu ildə 35 yaşında vəfat etmiş və Lənkəran rayonunun Sütəmurdov kənd qəbirstanlığında dəfn olunmuşdur.