Teatr


  • Teatrın Tarixi


    Teatr

     

    Lənkəranda teatr əsaslı fəaliyyətə 1891-ci ilin 18 yanvarında başlayıb. Bu barədə məlumat tədqiqatçı-teatrşünas Qulam Məmmədlinin tərtib etdiyi və 1975-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında çapdan çıxmış “Azərbaycan teatrının salnaməsi (1850-1920)” kitabında öz əksini tapıb. Kitabın 65-ci səhifəsində “1891-ci il, 18 yanvar, Lənkəran” başlıqlı yazıda oxuyuruq: ”Obşestvennoye sobraniyenin zalında, iki sinifli Lənkəran şəhər məktəbinin yoxsul uşaqları nəfinə həvəskarlar tərəfindən tamaşa verilmişdir”. Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitunun təqdimatına əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 7 avqust 2009-cu il tarixli 339 nömrəli əmri ilə Lənkəran Dövlət Dram Teatrının yaşı məhz bu tarixdən – 18 yanvar 1891-ci ildən təsdiqlənib.

     

    Şəhərdə teatrın təşəkkül tapmasında görkəmli səhnə ustası, SSRİ xalq artisti Sidqi Ruhullanın böyük yaradıcılıq köməyi olub. 1912-ci ildə Lənkərana gələn Sidqi Ruhulla burada dram heyəti yaratmaq istəyən həvəskarlarla “Bəxtsiz cavan”, “Nadir şah” faciələrini, H.Rzayevin “Cəhalət” və N.B.Vəzirovun “Ev tərbiyəsinin bir şəkli” komediyalarını səhnələşdirib.

     

    1923-cü ildə yerli ziyalılardan Teymur Şahverdiyevin “Altı rəfat” və “Həqiqi röya” pyeslərinin tamaşaları da Lənkəranın mədəni həyatında böyük əks-sədaya səbəb olub. Hər iki əsər yenicə yaradılmış Hüseyn Ərəblinski adına Rayon Xalq Teatrı artistlərinin və yerli ziyalıların qüvvəsi ilə hazırlanıb.

     

    Xalq teatrı təxminən 10 ildən çox fəaliyyət göstərərək sonralar yaradılmış peşəkar teatr üçün zəmin yaradıb. Respublikanın adlı-sanlı artistləri və müğənnilərindən Həqiqət Rzayeva, Münəvvər Kələntərli, Haşım Kələntərli, İsmayıl Talışinski, Cahan xanım Talışinskaya kimi məşhur sənətkarlar ilk addımlarını məhz Lənkəran xalq teatrının səhnəsində atıblar.

     

    1934-cu ilin payızında Lənkəranda açılan Lənkəran Musiqili Dövlət Dram Teatrı 1949-cu ilə kimi səmərəli fəaliyyət göstərib. Teatrın ilk direktoru və baş rejissoru Əməkdar artist Süleyman Səlimbəyov olub. Müharibə illərində böyük yaradıcılıq müvəffəqiyyətlərinə görə teatrın direktoru və rejissoru Qəni Vəliyev və aktyor Kamil Nəcəfov Azərbaycanın Əməkdar artisti fəxri adına, bir qrup aktyor isə respublika Ali Sovetinin Fəxri Fərmanına layiq görülüb.

     

    1949-cu ildə Lənkəran Musiqili Dövlət Dram Teatrından Dövlət Dram Teatrı statusu alınıb, həmin ilin dekabrında rayonda yenidən H.Ərəblinski adına Lənkəran Xalq Teatrı təşkil edilib. Cavan yaradıcı qüvvələrlə müntəzəm iş aparmaq, yeni-yeni istedadları axtarıb tapmaq, öz repertuarını müasir həyatla səsləşən əsərlərlə zənginləşdirmək və beləliklə də xalqa yüksək mədəni xidmət göstərmək kimi vəzifələr Xalq Teatrının əsas fəaliyyət proqramı olub. Teatra respublikanın əməkdar artisti Kamil Nəcəfov rəhbərlik edib.

     

    1973-cü il dekabrında teatrın Dövlət Dram Teatrı statusu yenidən bərpa edilib, dekabrın 6-sı teatr M.İbrahimovun “Yaxşı adam” tamaşası ilə yenidən öz pərdəsini sənətsevərlərin üzünə açıb.

     

    Teatr 1976-cı ildə gənclərin estetik tərbiyəsi işi sahəsində fəaliyyəti və Mixail Musiyenkonun “Nəsillər, eşidin!” əsərinin tamaşasına görə “Respublika gənclər mükafatı” laureatı adına layiq görülüb.

     

    Yarandığı ilk dövrdən sağlam mənəvi prinsiplər üzərində təşəkkül tapan Lənkəran Dövlət Dram Teatrı ötən müddət ərzində 270-dən çox əsərə səhnə həyatı verib. Repertuarında Azərbaycan dramaturqlarının əsərləri ilə yanaşı, Qərbi Avropa, rus və digər ölkə xalqlarının dramaturgiyasından incilərin mühüm yer tutduğu bu sənət ocağı fəaliyyəti dövründə nəinki respublikamızda, eyni zamanda bir sıra xarici ölkələrdə keçirilən Beynəlxalq festivallarda uğurlar qazanıb. Teatr 25-30 may 2007-ci il tarixlərində Türkiyə Cümhuriyyətinin Dənizli şəhərində keçirilən Beynəlxalq teatr festivalında Üzeyir Hacıbəylinin “Olanlardan keçənlərdən” tamaşasıyla, 17-26 aprel 2008-ci il tarixlərində Türkiyə Cümhuriyyətinin Konya şəhərində keçirilən “Min səs, bir nəfəs” Beynəlxalq Teatr Festivalında Elçinin “Dəlixanadan dəli qaçıb” tamaşasıyla, 2009-cu ilin iyun ayında Azərbaycan Respublikasının Gəncə şəhərində keçirilən “Yeni teatr” 1-ci Respublika festivalında G.Fiqeyredonun ”Ezop” tamaşasıyla, 2010-cu ilin noyabr ayında Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində keçirilən 15-ci Beynəlxalq Teatr Festivalında və 9-15 may 2011-ci il tarixlərində bu ölkənin Dənizli şəhərində keçirilən Beynəlxalq teatr festivalında Qriqori Qorinin “Herostratı unudun!” tamaşasıyla respublikamızı təmsil edib.

     

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində 2014-cü ilin sentyabr ayının 10-dan 19-dək Şəkidə keçirilən I Beynəlxalq teatr festivalında teatrın truppası italyan dramaturq E.Filipponun “Ruhlar” tamaşası ilə çıxış edərək təşkilat komitəsi tərəfindən diplom və xatirə hədiyyəsi ilə mükafatlandırılıb.

     

    Qazandığı uğuların nəticəsi olaraq 2016-cı ilin iyun ayından Lənkəran Dövlət Dram Teatrına “Aparıcı teatr” stasusu verilib.

     

    Özünün bütün fəaliyyəti boyu Lənkəran teatrı digər ölkə teatrları və ya əcnəbi rejissorlarla əməkdaşlığa önəm verib. Bolqarıstandan Xristo Stoyçev, Gürcüstandan Zurab Pxakidze, Ukraynadan Arkadi Nepitalyuk və digər ölkələrdən dəvət edilmiş rejissorlar teatrda maraqlı tamaşalar hazırlayıblar.

     

    2015-ci ilin dekabrında İrandan dəvət edilmiş rejissor Xeyrullah Təğiyənipur dramaturq Bəhram Beyzayinin “İlan Sultan” əsərinə maraqlı səhnə quruluşu verib. Bu tamaşa İranla Azərbaycan arasında mədəni əlaqələrin genişlənməsində mühüm əhəmiyyət kəsb edib. Belə ki, Lənkəran teatrının İran İslam Respublikasının Mədəniyyət Nazirliyinin Teatr-Dram Sənəti Baş İdarəsi ilə bağladığı müqaviləyə əsasən “İlan Sultan” tamaşası Lənkəranla yanaşı, İranın bir sıra şəhərlərində, həmçinin 2016-cı ilin yanvar ayında Tehran şəhərində keçirilən 34-cü Beynəlxalq Fəcr Teatr Festivalı çərçivəsində bu ölkənin Təbriz və Məşhəd şəhərlərində uğurla nümayiş etdirilib. Teatr həmçinin İran İslam Respublikasının Həmədan şəhərində keçirilən 24-cü Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalında P.Nurəliyevanın “Dəcəl keçi” (1-6 dekabr 2017-ci il), Həmədan şəhərində keçirilən 25-ci Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalında Əjdər Olun “Meşəbəyinin dostları” (20-25 noyabr 2018-ci il), Zəncan şəhərində keçirilən 4-cü Milli Teatr Festivalında E.Əskərovun “Sehrbazlar dərəsi” (8-12 iyul 2019-cu il), Tehran şəhərində keçirilən “Adət-Ənənə” Milli Teatr Festivalında iranlı rejissor Bəhram Beyzayini “Senemar” (14-18 avqust 2019-cu il) tamaşaları ilə çıxış edərək, bu mötəbər sənət yarışmalarında diplomlarla mükafatlandırılıb.

     

    2019-cu il iyunun 1-də Lənkəran Dövlət Dram Teatrı 1-ci Lənkəran Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Bu möhtəşəm sənət bayramında ölkəmizin 10 sənət ocağı - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Bakı Uşaq Teatrı, Qax Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı, Salyan Dövlət Kukla Teatrı və müstəqil “Ol” Teatrı ilə yanaşı, həmçinin Böyük Britaniyanın “Two Destination Language” Teatrı, Gürcüstanın “Azadlıq” Teatrı, İranın Ərdəbil şəhərinin “Muğan Hünər”, Təbriz şəhərinin “Mika” və "Ünvan" teatrının kollektivləri iştirak edərək öz məharətlərini nümayiş etdiriblər.

     

     
     
     

  • Keçmiş Repertuar


    Teatr

    23.12.2008 / Qilyermo Fiqeyredo "Ezop" - Rejissor : İslam Həsənov


    28.09.2008 / Elçin "Mənim Sevimli dəlim" - Rejissor : Adil Zeynalov


    10.06.2008 / Mir Cəlal Paşayev "Yolumuz hayanadır" - Rejissor : Baba Rzayev


    09.04.2008 / Baba Rzayev "Məhəbbət və ölüm" - Rejissor : Baba Rzayev


    14.03.2008 / Əli Səmədli "Cəsurlar" - Rejissor : Adil Zeynalov


    28.12.2007 / Valeri Qubaryov "Sehirli yaylıq" - Rejissor : Adil Zeynalov, Ağaddin Babayev


    25.12.2007 / Maqsud İbrahimbəyov "Kərgədan buynuzu" - Rejissor : Adil Zeynalov, Təvəkkül Həsənov


    24.10.2007 / Sofokl "Şah Edip" - Rejissor : Baba Rzayev, Əvəz Sadiq


    15.05.2007 / Əhməd Orucoğlu "Pul dəlisi" - Rejissor : Təvəkkül Əliyev, Təvəkkül Həsənov


    18.03.2007 / Əli Səmədli "Zəncirlənmiş toy büsat" - Rejissor : Adil Zeynalov


    28.12.2006 / Baba Rzayev "Təpəgöz kimi axtarır" - Rejissor : Baba Rzayev


    14.12.2006 / Əli Əmirli "Onun iki qabırğası" - Rejissor : Gümrah Ömər, Təvəkkül Həsənov


    12.11.2006 / Vilhelm Qauf "Xəlifə leylək" - Rejissor : Eynəli Nurullayev


    18.06.2006 / Hüseynbala Mirələmov "Pənah xan Cavanşir" - Rejissor : Baba Rzayev


    17.05.2006 / Xədicə Murad "Ucalıq" - Rejissor : Baba Rzayev


    17.03.2006 / Süleyman Sani Axundov "Qaraca qız" - Rejissor : Adil Zeynalov


    30.12.2005 / Əli Əmirli "Varlı qadın" - Rejissor : Adil Zeynalov


    27.12.2005 / Adil Zeynalov "Şaxtanın naxışları" - Rejissor : Adil Zeynalov


    26.09.2005 / Hüseyn Cavid "Ana" - Rejissor : Adil Zeynalov


    20.07.2005 / Nəriman Nərimanov "Nadir şah" - Rejissor : Baba Rzayev


    31.03.2005 / Hüseynbala Mirələmov "Ləyaqət" - Rejissor : Baba Rzayev


    27.12.2004 / Adil Zeynalov "Yeni il" - Rejissor : Adil Zeynalov


    20.07.2004 / Yusif Əzimzadə "Nəsrəddin" - Rejissor : Adil Zeynalov


    06.05.2004 / Marat Haqverdiyev "Məhəbbət oyun deyil" - Rejissor : Baba Rzayev


    18.03.2004 / Ağacəfər Fətullayev "Novruz" - Rejissor : Təvəkkül Əliyev


    28.12.2003 / Lev Korsinski "Fırıldaqçı" - Rejissor : Adil Zeynalov, Ağaddin Babayev


    27.12.2003 / Ağaddin Babayev "Sehirli sandıq" - Rejissor : Təvəkkül Əliyev


    29.11.2003 / Henrix İbsen "kuklalar evi" (Şaxta ev) - Rejissor : Baba Rzayev, Azad Əliyev


    26.03.2003 / Bratislav Nuşiç "Nazirin xanımı" - Rejissor : Adil Zeynalov


    27.12.2002 / Ağaddin Babayev "Kaloğlanın sərgüzəştləri" - Rejissor : Adil Zeynalov


    12.12.2002 / Firuz Mustafa "İlğım" - Rejissor : Adil Zeynalov


    03.11.2002 / Hüseynbala Mirələmov "Vicdanın hökmü" - Rejissor : Baba Rzayev


    18.06.2002 / İsgəndər Coşqun "Çal-oyna" - Rejissor : Ağaxan Salmanov


    09.04.2002 / Hüseyn Allahyarov "Bir ovuc torpaq" - Rejissor : Baba Rzayev


    30.03.2002 / Nəcəf bəy Vəzirov "Hacı Qəmbər" - Rejissor : Eynəli Nurullayev


    28.03.2002 / Əbdürrəhman bəy Haqverdiyev "Bəxtsiz cavan" - Rejissor : Baba Rzayev


    29.12.2001 / Ağacəfər Fətullayev "Sehirli səs" - Rejissor : Təvəkkül Əliyev


    27.12.2001 / Əkrəm Əylisli "Vəzifə" - Rejissor : Adil Zeynalov


    25.09.2001 / Süleyman Rüstəm "Durna" - Rejissor : Baba Rzayev


    10.07.2001 / Əbdürrəhman bəy Haqverdiyev "Millət dostları" - Rejissor : Baba Rzayev


    15.04.2001 / İsgəndər Coşqun "Ana laylası" - Rejissor : Baba Rzayev


    18.03.2001 / Loğman Kərimov "Əlibaba və qırx quldur" - Rejissor : Bəhram Osmanov


    16.03.2001 / Tamara Vəliyeva "Mənim ağ göyərçinim" - Rejissor : Bəhram Osmanov


    28.12.2000 / Əziz Nesin "İntihar" - Rejissor : Baba Rzayev


    25.12.2000 / Ağacəfər Fətullayev "Qara divin yeni il sərgüzəştləri" - Rejissor : Təvəkkül Əliyev


    02.11.2000 / Ağacəfər Fətullayev "Qış nağılı" - Rejissor : Adil Zeynalov


    29.10.2000 / Cəfər Cabbarlı "Sevil" - Rejissor : Baba Rzayev


    18.03.2000 / Şıxəli Qurbanov "Özümüz bilərik" - Rejissor : Baba Rzayev


    18.03.2000 / Azər Abdullayev "İnsan və şeytan" - Rejissor : Adil Zeynalov


    28.12.1999 / Marat Haqverdiyev "Eh qadınlar, qadınlar" - Rejissor : Təvəkkül Əliyev