Məbud İsmayılzadə
Əməkdar incəsənət xadimi
Məbud İbrahim oğlu 1927-ci ildə Zərdab rayonunda anadan olmuşdu. 1951-ci ildə Azərbaycan Dövlət Teatr İnstitunun rejisorluq fakultəsini bitirib, elə həmin il Respublika Xalq Yaradıcılığı evinin direktoru təyin olunub. 24 yaşlı cavanı belə böyük təşkilata rəhbər təyin edənlər yanılmayıblar. Çünki mədəniyyətin ən aparıcı sahələrindən biri olan bu təşkilata rəhbərlik etdiyi 20 il müddətində Məbud müəllim «Çinar», «Şur» kimi məşhur kollektivlərin, 30-dan çox xalq teatrının yaranmasının, respublika miqyaslı bayram şənliklərinin, festivalların, müsabiqələrin keçirilməsinin fəal təşkilatçılarından biri olub.
1954-cü ildə minlərlə həvəskar ifaçıların iştirak etdiyi ilk teatrlaşdırılmış «Xalq yaradıcılığı bayramı»nın, 1955-ci ildə keçirilən Respublika bədii özfəaliyyət baxışının, 1961-ci ildə çağırılan III Aşıqlar Qurultayının təşkilatçısı, 1959-cu ildə Moskvada keçirilən “Azərbaycan mədəniyyəti ongünlüyü” çərçivəsində xalq yaradıcılığı bölməsinin quruluşçu rejissoru da məhz M.İsmayılzadə olmuşdu. Bu tədbirlər özünün rəngarəngliyinə, rejissor yozumuna görə də böyük tamaşaçı marağı qazanmışdı. Sonra 1972-1973-cü illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin Abidələrin və muzeylərin qorunması idarəsinin rəis müavini vəzifəsində çalışıb. 1973-cü ildə N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına direktor və baş rejisor təyin edilir. Bu teatr yeni təşkil edilyindən, o,buranı teatr səviyyəsinə gətirmək üçün çox əziyyət çəkir. Azərbaycan teatrının görkəmli şəxsiyyətlərindən olan Mehdi Məmmədovun 1978-ci ildə dediklərini onun əməyinə verilən ən yaxşı qiymətdir : " Lənkəran Dövlət Dram Teatrı yaşca balaca olsa da, repertuar səviyyəsinə görə daha dolğun, daha mənalıdır. Sözün əsl mənasında bu teatra qibtə edirəm. Bütün akademik teatrlar bu teatrdan öyrənməlidir." M.İsmaylzadə həmçinin respublikada ilk teatrlaşdırılmış kütləvi bayramların əsasını qoyub. Belə ki,1967-cı ildə ilk dəfə rəsmi keçirilən Novruz bayramının, 70-ci illərin məhsul bayramlarının,1982-ci ildə Şuşada Vaqif poeziya günlərinin ssenari müəllifi və qurluşçu rejisoru M.İsmaylzadə olub.
Sonralar fəxri təqaüdə çıxan Məbud İsmayılzadə teatrdan ayrılmadı və Nazim Hikmətin 100 illik yubileyi ərəfəsində Şuşa Dövlət Musiqili-Dram Teatrında dramaturqun «Bayramın birinci günü» tamaşasına çox maraqlı quruluş verdi. O, 2004-cü il sentyabrın 17-də Haqqın dərgahına qovuşdu.
Cəmi 8 il Lənkəran Dövlət Dram Teatrına rəhbərlik edən Məbud İsmayılzadə bu gün də həmin bölgədə və ümumiyyətlə, Azərbaycan teatr tarixində, Azərbaycan incəsənətində çox yüksək təşkilatçı teatr rəhbərlərindən biri kimi xatırlanır. Belə xatırlanan və yad edilən teatr rəhbərləri isə çox azdır. Çünki teatr cəmiyyətin kiçildilmiş modeli deməkdir. Bu modelə rəhbərlik etmək çətin, məsul işdir.
Məbud İsmayılzadənin teatrda bir rejissor kimi quruluş verdiyi tamaşalardan:
N. Hikmət “Bayramın birinci günü”
Ə.B.Haqverdiyev “Dağılan tifaq”
H.Nəcəfov “Abidə”
S. Rəhman “Əliqulu evlənir”