Oruc Qurbanov

Əməkdar incəsənət xadimi,Quruluşçu rejissor


Oruc Qurbanov 1949-cu ildə Bakı şəhərində fəhlə ailəsində anadan olub. Atası Qurbanov İzzət Nüsrət oğlu 1954-cü ildə "Paris kommunası" zavodunda iş vaxtı faciəvi surətdə həlak olub. İzzətoğlu orta təhsilini 8 saylı internat məktəbində alıb. Əvvəlcə Bakı Dövlət İncəsənət İnstitutunun "Dram və Kino aktyorluğu" ixtisası üzrə təhsil alıb, 1979–80-ci illərdə Azərbaycan Mədəniyyət Nazirliyinin göndərişi ilə Moskva şəhərində görkəmli rejissor A. V. Efrosun rəhbərliyi altında Ali Teatr Rejissorluğunu bitirib. Qırx ildir ki, teatr, kino, ədəbiyyat, radio və televiziya sahələrində çalışır. Onlarla teatr, radio-televiziya tamaşalarına quruluşlar verib. Ayrı-ayrı illərdə respublikanın dövlət teatrlarında baş rejissor vəzifələrində çalışıb. 1994-cü ildə Xocalı faciəsinə həsr olunmuş "Haray" bədii filmini çəkib. Bir neçə dövlət tədbirinin ssenari müəllifi və rejissoru olub. Ailəlidir, dörd uşağı var.

Teatrla yanaşı ədəbiyyat, dramaturgiya, sənətşünaslıq sahəsində də fəaliyyət göstərir. On iki cild həcmində roman, povest, onlarla tarixi və müasir mövzuda dram əsərlərinin müəllifidir. Bu əsərlər bir çox mötəbər ədəbi məclislərdə, Qafqaz Müsəlmanlar İdarəsi Elmi-dini şurasında müzakirə edilib, mütəxəssislər tərəfindən layiqli qiymətini alıb. 2005-ci ildə Akademik Milli Dram Teatrında Mir Cəlalın "Dirilən adam" romanı əsasında müəllifi olduğu eyniadlı dram əsərini tamaşaya qoyub. 2006-cı ildə bu tamaşa ilin ən uğurlu tamaşası və Oruc İzzətoğlu ilin ən yaxşı rejissoru kimi "Qızıl Dərviş" mükafatına layiq görülub. 2007-ci ildə Musiqili Komediya Teatrında Ə. Əmirlinin "Yeddi məhbusə anası" tamaşasına quruluş verib. 2007-ci ildə xalq yazıçısı İ. Əfəndiyevin "Geriyə baxma, qoca" romanı əsasında yazıçı Elçinlə birgə Qarabağ tarixinə həsr edilmiş eyniadlı dram əsərini başa çatdırıb və bu il Akademik Milli Dram Teatrında İzzətoğlunun quruluşunda tamaşaya qoyulması nəzərdə tutulub. Molla Nəsrəddinin 800 illiyi münasibətilə "Molla Nəsrəddinin Teymurləngi ram etməsi" kino-ramanını və teatr üçün eyni adlı xalq məzhəkəsini yazıb.

Musiqili Komediya Teatrının dəvəti ilə2007-ci ildə C. Quliyev, Ə. Əmirlinin "Yeddi məhbusə anası", 2009-cu ildə müəllifi olduğu "Diqqət! Şəhərdə manyak var!" liberettosuna quruluş verib. Son ədəbi işi "Ağa Məhəmməd şah Qacar" kinoromanıdır.

2002-ci ildə H. Əliyevin fərmanı ilə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə,6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə və 7 may 2020-ci ildə  Prezident Mükafatına layiq görülmüşdür.

2017-ci ildə Lənkəran Dövlət Dram Teatrına baş rejissor vəzifəsinə təyin olunub.

23 dekabr 2022-ci ildə 73 yaşında vəfat edib.