Zemfira Nəcəfova

Əməkdar artist


Zemfira Musabala qızı Əhmədova (Nəcəfova) 1 aprel 1950-ci ildə Bakı şəhərində anadan  olub. Bakı şəhəri 173 saylı orta məktəbdə oxuyub (1958 – 1969). Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1970 – 1975). Təyinatla Lənkəran Dövlət Dram Teatrına göndərilib. O vaxtdan bu kollektivin truppasında çalışır. 

 

Azərbaycan klassiklərinin əsərlərində oynadığı rollar: Ziba xanım və Pəri xanım, Təyyibə xanım  (“Lənkəran xanının vəziri” və “Hacı Qara”, Mirzə Fətəli Axundzadə), Bədircahan, Yetər, Mələk xanım (“Ağa Kərim xan Ərdəbili”, “Hacı Qəmbər” və “Müsibəti-Fəxrəddin”, Nəcəf bəy Vəzirov), Şərəf və İzzət (“Danabaş kəndinin əhvalatları”, Cəlil Məmmədquluzadə), Gülpəri, Qızxanım (“Qaraca qız” və “Qoç Polad”, Abdulla Şaiq), Fərmanın anası, Mehri xanım (“Xortdanın cəhənnəm məktubları” və “Bəxtsiz cavan”, Əbdürrəhim bəy Haqverdiyev), Ana (“Ana”, Hüseyn Cavid), Nadya (“Oqtay Eloğlu”, Cəfər Cabbarlı), Qarı (“Vaqif”, Səməd Vurğun), Səadət (“Əliqulu evlənir”, Sabit Rəhman), Eybəcər qarı (“Şaxta baba və Pərilər”, Emil Əsgərov).

 

Çağdaş milli dramaturqlarımızın müxtəlif janrlı əsərlərində oynadığı səhnə obrazları: Reyhan xanım (“Kəndçi qızı”, Mirzə İbrahimov), Zeynəb (“Yaşıl qapı arxasında qadın”, Rüstəm İbrahimbəyov), Nazlı (“Tut ağacı”, Firudin Aşurov), Günəş ana, Rəfiqə (“Cavanşir” və “Alov”, Mehdi Hüseyn), Cahan nənə (“Abidə”, Hüseyn Nəcəfov), Tükəz, Nadejda Kolosnikova (“Nəsrəddin” və “Silahdaş”, Yusif Əzimzadə), Qonaq (“Şəhərin yay günləri”, Anar), Səadət xanım, Məlahət, Xurşud xanım (“Unuda bilmirəm”, “Qəribə oğlan” və “Sən həmişə mənimləsən”, İlyas Əfəndiyev), Sənəm, Nənə, Qadın quda (“Zəncirlənmiş toy-büsat”, “Cəsurlar” və “Ölüm hökmü”, Əli Səmədli), Şənbə xanım və Gülsüm nənə, Gəlməqapı (“Uca dağ başında” və “Mamoy kişinin yuxuları”, Vaqif Səmədoğlu), Zəhra xanım (“Şeytan işığı”, Kamran Nəzirli), Xədicə (“Ağ kəlağayı”, Rafiq Rəhimli), Nənə, Dilənçi, Mələk (“Onun iki qabırğası”, “Varlı qadın” və “Köhnə ev”, Əli Əmirli), Ulduzə (“İlğım”, Firuz Mustafa), Sənəm qarı (“Ana laylası”, İsgəndər Coşqun), Zivər, Fatma (“Vicdanın hökmü” və “Ləyaqət”, Hüseynbala Mirələmov), Tükəzban (“Oğru”, Əhməd Orucoğlu), Zəhra (“Mənim ağ göyərçinim”, Tamara Vəliyeva), Haray xanım (“Məni qınamayın”, Hidayət), Nənə (“Vəzifə”, Əkrəm Əylisli), Şərəf (“Durna”, Süleyman Rüstəm), Xanım sədr (Xilaskar, Aqşin Babayev). 

 

Yerli müəlliflərin əsərlərində oynadığı rollar: Sənəm nənə (“Zəncirlənmiş toy-busat”, Adil Zeynalov), Ana, Küpəgirən qarı  (“Sehrli sandıq” və “Kaloğlanın sərgüzəştləri”, Ağaddin Babayev), Yelizavetta Nikolayevna (“Qəhrəmanlıq xronikası”, Baba Rzayev), Qarı nənə (“Üç qardaş”, Ağaddin Babayev), Nağılçı, Ögey ana (“Tənbəl Əhməd” və “Göyçək Fatma”, Ağacəfər Fətullayev).

 

Əcnəbi müəlliflərin dramlarında çıxış etdiyi bədii personajlar: Smeraldina (“İki ağanın bir nökəri”, Karlo Qoldoni), Emilya və Dorkas (“Qış nağılı”, Vilyam Şekspir), Varvara və Feklyuşa (“Tufan”, Aleksandr Ostrovski), Arsinoya (“Mizantrop”, Jan Batist Molyer), Karoboçka (“Ölü canlar”, Nikolay Qoqol), Birinci psixatr (“Əsgər Şveykin macəraları”, Yaroslav Qaşek), Savka (“Nazirin xanımı”, Branislav Nuşiç), Qalina Akimovna (“Qəribə doktor” Anatoli Safronov), Qarı nənə (“Dörd əkiz”, Panço Pançev), Yadviqa Vjeşenska (“Üçüncü nəsil”, Nikolay Miroşniçenko), Liza (“Şah və əks-səda”, Hüseyn və Həmdiyyə Latıpovlar), Anna Maris (“Kuklalar evi”, Henrik İbsen), Anna Kuzminiçna (“Kələkbaz”, Lev Korsinski), Ana (“Sehrli yaylıq”, Valeri Qubaryev), Ən qoca kor (“Korlar”, Moris Meterlink), Asiya (“Evlən, oğul, evlən!”, Süleyman və Həmdiyə Lətipovlar), Qəmzə (“Manyak”, Əziz Nesin), Bateş (“Şənbə axşamı”, Mar Bayciyev), Zeynəb (“Kərbəla”, Bəkir Yıldız),  Küpəgirən qarı (“Qırmızıpapaq”, Şarl Perro). 

 

Zemfira Nəcəfova həmçinin bir neçə teleserialda (“İzi itməyən cinayətlər”-Quda,  “Şirin yalan”-Zemfira nənə, “Günəşim ol” -Gülsüm nənə) maraqlı rollarda çıxış edib.

 

Тeatr sahəsində xidmətlərinə görə aktrisa 1979-cu ildə Azərbaycan Respublikası Ali Sovetinin fəxri fərmanına, 30 dekabr 2015-ci ildə isə Azərbaycan Respublikasının  Əməkdar artisti fəxri adına layiq görülüb.