Qızılgül Quliyeva

Dram artisti


Qızılgül Polad qızı  Quliyeva 20 iyun 1960-cı ildə Lənkəran rayonunun  Separadi kəndində anadan olub. 1876-cı ildə kənd orta məktəbini bitirdikdən sonra oradakı mədəniyyət evində əmək fəaliyyətinə başlamışdır. 1981-ci ildə Lənkəran Dövlət Dram Teatrının truppasına aktrisa götürülüb. 1982 – 1987-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində qiyabi təhsil alıb.
 
Milli klassikada çıxış etdiyi obrazlar: Tükəz və Təyyibə xanım, Ziba xanım (“Hacı Qara” və “Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə), Şərəf və İzzət, Mərsiyəxanım (“Danabaş kəndinin əhvalatları” və “Danabaş kəndinin məktəbi”, Cəlil Məmmədquluzadə), Kamilə (“Toy”, Sabit Rəhman), Çimnaz və Səriyyə, Sevil (“Vəfalı Səriyyə və yaxud göz yaşı içində gülüş” və “Sevil”, Cəfər Cabbarlı), Püstə (“Qaraca qız”, Abdulla Şaiq. Süleyman Sani Axundovun eyniadlı əsəri əsasında), Gülcahan (“Nadir şah”, Nəriman Nərimanov).
 
Azərbaycan dramaturqlarının əsərlərində oynadığı rollar: Dilsuzər (“Şirinliyin acısı”, Hüseyn Razi), Fəridə “Sınaq”, Hikmət Ziya), Qarı (“Müflis kolleksioner”, Seyfəddin Dağlı), Betta (“Rəngli yuxu”, Ramiz Xəlilzadə), İncə (“Gəlin həsrəti”, Teymur Məmmədov), Mələk (“Gəldim ki, deyəm sevirəm”, Cahan Əfruz), Lalə (“Büllur sarayda”, İlyas Əfəndiyev), Aysel (“Tərs gün”, Namiq Abdullayev), Məryəm “Mahmud və Məryəm”, Elçin), Mədinə (“Təhminə və Zaur”, Anar), Böyük bacı (“Alp Ağuz”, Fikrət Sadıq), Səlimə, Maral (“Özümüz bilərik” və “Sənsiz”, Şıxəli Qurbanov), Nuşu (“Müəmmalı ölüm”. Hüseyn Abbaszadənin “Həzi Aslanov” romanı əsasında səhnələşdirənləri Adil Zeynalov və Cəfər Fətullayev), Ana tülkü (“Üç tülkü balası və kirpi”, Əli Səmədli), Qaraqaytan, Nəzifə (“Mamoy kişinin yuxuları” və “Uca dağ başında”, Vaqif Səmədoğlu), Aybəniz (“Cavanşir”, Mehdi Hüseyn), Sədaqət, Dilbər və İkinci qadın, Sərəngül (“Sovqat” və “Əcnəbi kürəkən”, Maarif Məmmədov), Fira (“Şeytan işığı”, Kamran Nəzirli), Qadın (“Cəhənnəm sakinləri”, Elçin), Çimnaz (“Qoç Polad”, Abdulla Şaiq. Səhnələşdirən İlyas Tapdıq), Naza, Zübeydə (“Ailədə məhkəmə” və “Eh, qadınlar, qadınlar”, Marat Haqverdiyev), Maral, Həvva (“Onun iki qabirğası” və “Varlı qadın”, Əli Əmirli), Güllü, Nahidə (“Vicdanın hökmü” və “Ləyaqət”, Hüseynbala Mirələmov), Gülər, Mənzərə, Şairin arvadı (“Mehriban ailə”, “Pul dəlisi” və “Oğru”, Əhməd Orucoğlu), Kleopatra (“Sezarin qətli”, Arif Mədətov), Pəri (“Nəsrəddin”, Yusif Əzimzadə), Sara (“Mənim ağ göyərçinim”, Tamara Vəliyeva), Ana (“Ana laylası”, İsgəndər Coşqun), Durna (“Durna”, Süleyman Rüstəm), Günay (“Məni qınamayın”, Hidayət).
 
Yerli müəlliflərin əsərlərində çıxış etdiyi personajlar: Gülər (“Ucalıq”, Xədicə Məsud), Gülbahar ana və Ərəb qızı (“Yuxu”, Xanəhməd Nahid), Nübar (“İnam”, Yaşar Əkbərov), Solmaz (“Qalxın, məhkəmə gəlir”, Eldar İsgəndərzadə), Nataşa, Şirin (“Birtərəfli hərəkət” və “Sən kimsən, ata?”, Şəkər Aslan), Mirvari (“Ana fəryadı”, Məmmədhüseyn Əliyev), Şəhid (“Şəhidlər”, Əl Salahlı), Nənə (“Dəcəl keçi”, Pərvin Nurəliyeva), İfritə qarı (“Şaxta baba və Pərilər”, Emil Əsgərov), Xallı ifritə, Cadugər qarı, Qrinç (“Qaraca qız və xallı ifritə”, “Tilsimlənmiş qız” və “Balaca qara qız”, Tərlan Abdullayev), Gültamam (“Ay lolo və ya moskvalı gəlin”, Hafiz Mirzə), Dovşan (“Ceyranın ad günü”, Ələddin Qurbanov), Xədicə (“Şeyx Zahid Gilani”, Baba Rzayev).
 
Əcnəbi müəlliflərin dramlarında çıxış etdiyi bədii personajlar: Armida, Matilla (“Ruhlar” və “Pul mənim, yar mənim”, Eduardo de Filippo), Saqqallı quldur qarı və Nənə (“Qar kraliçası”, Hans Kristian Andersen), Katya (“Yerin cazibəsi”, Anatoli Safronov), Kukuş (“Şənbə axşamı”, Mar Bayciyev), Anna (“Məhəbbətsiz şəhər”, Lev Ustinov), Ağlını itirmiş kor qadın (“Korlar”, Moris Meterlink), Dara (“Nazirin xanımı”, Branislav Nuşiç), Sara və Asiya (“Evlən, oğul, evlən!”, Süleyman və Həmdiyə Lətipovlar), Xumar xanım (“Manyak”, Əziz Nesin), Qadın (“Nikbin faciə”, Vsevolod Vişnevski), Yamzo (“Çinari manifesti”, Aleksandr Çxeidze), Salihə (“Varislər”, Dulat İsabəyov), Aqrippina “İblisin oyunları”, Mikloş Xubai), Gülfinə (“Şah və əks-səda”, Hüseyn və Həmdiyyə Latıpovlar), Səfiyyə (“Ocaq”, Turqut Özkaman), Nayman ana (“Manqurt”, Çingiz Aytmatov), Karoboçka (“Ölü canlar”, Nikolay Qoqol), Qumru (“Dəmir Qadın”, Şərəf Başbəyov), Nina Koreşkova (“Kələkbaz”, Lev Korsinski), Dayə (“İlan sultan”, Bəhram Beyzayi), Arsinoya (“Mizantrop”, Jan Batist Molyer), Eritta (“Herostratı unudun”, Qriqori Qorin), Ana və Nənə (“Qirmizipapaq”, Şarl Perro), İokasta (“Şah Edip”, Sofokl), Armilda (“Ruhlar”, Eduardo de  Filippo), Saray xanımı (“Şahzadə xanım və bacatəmizləyən”, Leonid Juxovitski), Qümmamə (“Kərbəla”, Bəkir Yıldız), Nin Koreşkova (“Fırıldaqçı”, Lev Korsinski), Nağılçı qarı (“Dörd əkiz”, Panço Pançev).
 
Q.Quliyeva həmçinin bir sıra teleserialarda, o cümlədən “Sevginin gözyaşları”nda Ana, “My name is İntiqam”da İntiqamın anası, “Çay dəsgahı”nda Qadın, “Həyat varsan”da Həkim, “Günəşim ol”da  Gülzar rollarını yaratmışdır.
 
Q.Quliyeva 1986-cı ildə teatrlar arasında keçirilən müsabiqədə  1-ci diploma və pul mükafatına layiq görülmüşdür.