Ağayev Miraslan

Dram artisti


Miraslan Əzizəli oğlu Ağayev 18 mart 1958-ci ildə Lerik rayonun Tikəband kəndində anadan olub. 1975-ci ildə Lənkəran şəhər 2 saylı orta məktəbi bitirib. Həmin ildən Lənkəran Dövlət Dram Teatrına səhnə maşinisti kimi işə qəbul olunub və aktyor kimi də fəaliyyət gostərib. 1979-cu ildən truppaya daxil olub. Teatrda işləyə-işləyə 1987-1992-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət  İncəsənət İnstitutunda qiyabi təhsil alıb. 1975-ci ildən Lənkəran Dövlət Dram Teatrında aktyor işləyir.
 
Azərbaycan klassiklərinin əsərlərində oynadığı rollar: Nazim ağa (“Topal Teymur”, Hüseyn Cavid), Xəlil yüzbaşı, Səlim bəy, Molla Həmid, Kərim (“Hacı Qara”, “Lənkəran xanının vəziri”, “Molla İbrahimxəlil kimyagər” və “Xırs quldurbasan”, Mirzə Fətəli Axundzadə), Qazı, Hümmətəli və Səbzəli, Xudayar bəy, Hacı Baxşəli (“Danabaş kəndinin məktəbi”, “Danabaş kəndinin əhvalatları” və “Ölülər”, Cəlil Məmmədquluzadə), Mirzə Mehdi, Qazı, Əliqulu xan,  Musa, İkinci əcinnə  (“Xortdanın cəhənnəm məktubları”, “Millət dostları”, “Ağa Məhəmməd şah Qacar”, “Bəxtsiz cavan” və “Pəri cadu”, Əbdürrəhim bəy Haqverdiyev), Hacı Saleh (“Tamahkar”, Süleyman Sani Axundov), Toxtamış (“Qoç Polad”, Aqbdulla Şaiq), Qoca (“İnci dolu xəzinə”, Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poeması əsasında səhnələşdirən Adil Zeynalov), Molla Möhsün, Əbdüləli bəy (“Vəfalı Səriyyə və yaxud göz yaşı içində gülüş” və “Sevil”, Cəfər Cabbarlı), Topal (“Fərhad və Şirin”, Səməd Vurğun), Hüseynqulu bəy (“Qaraca qız”, Abdulla Şaiq. Süleyman Sani Axundovun eyniadlı əsəri əsasında), Ədhəm (“Nadir şah”, Nəriman Nərimanov),
 
Çağdaş milli dramaturqlarımızın müxtəlif janrlı əsərlərində oynadığı səhnə obrazları: Qonaq (“Şəhərin yay günləri”, Anar), Milis (“Şirinliyin acısı”, Hüseyn Razi), Sərhədçi (“Sınaq”, Hikmət Ziya), Murad, Şahın vəziri, Milis zabiti (“Dağlar arxasız olmur”, “Bir sarayın oyunları” və “Səhər qatarı”, Camal Yusifzadə), Meymun (“Meşəbəyinin dostları”, Əjdər Ol), Əliqulu (“Müflis kolleksioner”, Seyfəddin Dağlı), İlyas bəy (“Bir gəncin manifesti”, Mir Cəlal. Səhnələşdirən Mailə Muradxanlı), Serafim (“Sakitlik olmayacaq”, Şamil Xurşud), Marvar, Polis (“Qanqın böyük dalğası” və “Gəldim ki, deyəm sevirəm”, Cahan Əfruz), Məclis əhli (“Mahmud və Məryəm”, Elçin), Uzun Həsən (“Generalın uşaqlığı”, Əli Səmədli), Boz qurd (“Alp Ağuz”, Fikrət Sadıq), Tormoz (“Şirinbala bal yığır”, Salam Qədirzadə), Hacı (“Sabir gülür”. Mirzə Ələkbər Sabirin şeirləri əsasında səhnələşdirənlər Həsən Hacağayev və M.Canızadə), Anar (“Yeddi şam”, Əlimərdan Nəsirov), Feldşer Kamal, Murtuz müəllim (“Mamoy kişinin yuxuları” və “Uca dağ başında”, Vaqif Səmədoğlu), Qartal (“Cavanşir”, Mehdi Hüseyn), Mürvət Talb, Sakit və Xankişi, Hatəm (“Əcnəbi kürəkən” və “Sovqat”, Maarif Məmmədov), Joze (“Şeytan işığı”, Kamran Nəzirli), İkinci oğlan, Əhmədcan (“Sən həmişə mənimləsən” və “Qəribə oğlan”, İlyas Əfəndiyev), Yusifli (“Müəmmalı ölüm”, Hüseyn Abbaszadənin “Həzi Aslanov” romanı əsasında səhnələşdirənləri Adil Zeynalov və Cəfər Fətullayev), İbişov və Bəbirli (“Özümüz bilərik”,  Şıxəli Qurbanov), Leytenant Sons (“Rəngli yuxu”, Ramiz Xəlilzadə), Uzun (“Ailədə məhkəmə”, Marat Haqverdiyev), Heydərqulu xan, Əhəd, Kolya   (“Pənah xan Cavanşir”, “Vicdanın hökmü” və “Ləyaqət”, Hüseynbala Mirələmov), Vəkil (“Varlı qadın”, Əli Əmirli), Ata (“Qoç Polad”, Abdulla Şaiq. Səhnələşdirən İlyas Tapdıq), Vəzir (“Nəsrəddin”, Yusif Əzimzadə), Savalan (“İnsan və şeytan”, Azər Abdullayev), Musa (“Ana laylası”, İsgəndər Coşqun), Nəcəf (“Durna”, Süleyman Rüstəm), Professor (“Mənim sevimli dəlim”, Elçin), Redaktor (“Məni qınamayın”, Hidayət).
 
Yerli müəlliflərin əsərlərinin tamaşalarında çıxış etdiyi səhnə surətləri: Şah, Şah (“Yeni il möcüzəsi” və “Üç qardaş”, Ağaddin Babayev), Kahin (“Əsrlərin harayı”, Əli Vəlioğlu), Qoca (“Dəcəl keçi”, Pərvin Nurəliyeva), Şaxta baba (“Balaca qara qız”, Tərlan Abdullayev), İkinci fəhlə (“Birtərəfli hərəkət”, Şəkər Aslan), Esesovçu, Milis nəfəri (“Ana fəryadı” və “Prokuror”, Məmmədhüseyn Əliyev), Sahə müvəkkili (“Ay lolo və ya moskvalı gəlin” , Hafiz Mirzə), Veys bəy (“Füzuli”, Ağamir Cavad), Adam, Mirzə, Sahib (“Məhəbbət və ölüm”, “Qəhrəmanlıq xronikası” və “Şeyx Zahid Gilani”, Baba Rzayev), Zaman (“Qalxın, məhkəmə gəlir”, Eldar İsgəndərzadə), Nurxan, Mesrop Ayrikyan (“Artan dövlətinin hekayəti” və “Ucalıq”, Xədicə Məsud), Səlim (“İnam”, Yaşar Əkbərov), Padşah (“Tənbəl Əhməd”, Ağacəfər Fətullayev).
 
Əcnəbi müəlliflərin dramlarında çıxış etdiyi bədii personajlar: Klitandr, Diafuarus, Jeront (“Mizantrop”, “Vasvası xəstə” və “Skapenin kələkləri”, Jan Batist Molyer), İvan (“Günahsız müqəssirlər”, Aleksandr Ostrovski), Şufterle (“Qaçaqlar”, Fridrix Şiller), Karobkin, Sobakeviç (“Müfəttiş” və “Ölü canlar”, Nikolay Qoqol), Qastone Kalifani (“Ruhlar”, Eduardo de Filippo), Raul (“Bahalı oğlan”, Sergey Mixalkov), Kral (“Çəkməli pişik və ya Şahzadə Pyer”, Şarl Perro), Birinci anadangəlmə kor (“Korlar”, Moris Meterlink), İkinci dulusçu (“Dulusçu haqqında əfsanə”, Əhmədxan Əbubakar), Şir adam (“Qar kraliçası”, Hans Kristian Andersen), Mayor (“Yerin cazibəsi”, Anatoli Safronov), İkinci ovçu (“Yaşamağın ləzzəti”, Vasili Şukşin), Anarxistlərin başçısı (“Nikbin faciə”, Vsevolod Vişnevski), İndiko (“Çinari manifesti” Aleksandr Çxeidze), Sədr (“Taxtabiti”, Vladimir Mayakovski), Aptekçi (“Domoklun qılıncı”, Nazim Hikmət), Müəzzin (“Karıxmış sultan”, Taufiq əl Hakimi), Para (“Nazirin xanımı”, Branislav Nuşiç), Pollada (“İblisin oyunları”, Mikloş Xubai), Bulat (“Şah və əks-səda”, Hüseyn və Həmdiyyə Latıpovlar), Əlimcan (“Dəmir Qadın”, Şərəf Başbəyov), Petrasov (“Kələkbaz”, Lev Korsinski), Pollada (Qasid (“Şah Edip”, Sofokl), Həbsxana gözətçisi (“Herostratı unudun”, Qriqori Qorin), Pera (“Nazirin xanımı” Branislav Nuşiç), Murad bəy (“İntihar”, Əziz Nesin), Vəzir (“İlan Sultan”, Bəhram Beyzayi), Sərxan (“Kərbəla”, Bəkir Yıldız), Kroqstad (“Kuklalar evi”, Henrik İbsen), Nağılçı (“Əlibaba və qırx quldur”, nağıl əsasında işləyəni Loğman Kərimov).
 
Miraslan Ağayev həmçinin “Susmuş vicdan” (Deputat), “Durnalar qayıdır” (Əsgər), “Sevginin göz yaşları” (Ata), “Günəşim ol” (Qafur) film və seriallarına çəkilib.
 
O, teatr həmkarlar ittifaqı təşkilatının sədridir.