Əhmədova Aynur

Dram artisti


Aynur Əhməd qızı Əhmədova 17 sentyabr 1975-ci ildə  Lənkəran şəhərində anadan olub.  1981-1992-ci illərdə Lənkəran şəhər 9 saylı orta məktəbdə təhsil alıb. Ali təhsilini 1992 – 1997-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində teatr kollektivinin rejissorluğu ixtisası üzrə alıb. İlk addımlarını Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində atıb. Tələbəlik illərində V kursda təhsil alarkən Xalq artisti Azər Paşa Nemətovun quruluşunda Xalq yazıçısı Elçinin "Ah Paris, Paris" tamaşasında  bir neçə epizodik rolları ifa edib.

1998-ci ildən Lənkəran Dövlət Dram Teatrında yüksək dərəcəli dram artisti kimi çalışır.

Milli klassiklərimizin əsərlərində ifa etdiyi rollar: Sona xanım və  Şölə xanım (“Hacı Qara” və “Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə), Zeynəb (“Danabaş kəndinin əhvalatları”, Cəlil Məmmədquluzadə), Səriyyə, Gülüş, Gülnisə “Vəfalı Səriyyə və yaxud göz yaşı içində gülüş”, (“Sevil” və “Solğun çiçəklər”, Cəfər Cabbarlı), Yasəmən (“Qaraca qız”, Süleyman Sani Axundovun eyniadlı əsəri əsasında).

Azərbaycan dramaturqlarınınn müxtəlif janrlı əsərlərində oynadığı səhnə obrazları: Aytac (“Artan dövlətinin hekayəti” Xədicə Murad), Nelli (“Uca dağ başında”, Vaqif Səmədoğlu), Turan (“Mənim ağ göyərçinim”, Tamara Vəliyeva), Domrulun anası və Banuayca (“Məhəbbət və ölüm”, Baba Rzayev), Ögey qız (“Göyçək Fatma”, Ağacəfər Fətullayev), Vəfa, Xanım və Qadın (“Sovqat”, Maarif Məmmədov), Roza (“Şeytan işığı”, Kamran Nəzirli), Kəmalə “Qəribə oğlan”, İlyas Əfəndiyev), Katibə, Gənc qadın (“Mənim sevimli dəlim” və “Cəhənnəm sakinləri”, Elçin), Mandana (“Əsrlərin harayı”, Əli Vəlioğlu), Lalə (“Eh, qadınlar, qadınlar”, Marat Haqverdiyev), ZAQS müdiri (“Varlı qadın”, Əli Əmirli), Maya (“İlğım”, Firuz Mustafa), Şəfqət bacısı, Aygün (“Ləyaqət” və “Vicdanın hökmü”, Hüseynbala Mirələmov), İradə (“İnsan və şeytan”, Azər Abdullayev), Çiçək (“Ana laylası”, İsgəndər Coşqun), Reyhan ("Cavanşir", Mehdi Hüseyn).

Əcnəbi müəlliflərin dramlarında çıxış etdiyi bədii personajlar: Pompeya (“İblisin oyunları”, Mikloş Xubai), Gülbikə (“Şah və əks-səda”, Hüseyn və Həmdiyyə Latıpovlar), Ayzadə (“Manqurt”, Çingiz Aytmatov), Birinci Cemma (“Ovod”, Etel Voyniç Katibə (“Ölü canlar”, Nikolay Qoqol), Mariya (“Ruhlar”, Eduardo de Filippo), Əlamət (“Dəmir qadın”, Şərəf Başbəyov), Nigar xanım (“İlan sultan”. Bəhram Beyzayi), Birinci Cemma (“Ovod”, Etel Voyniç), Anka (“Nazirin xanımı”, Branislav Nuşiç), Sevda (“Ocaq”, Turqut Özakman), Klementina (“Herostratı unudun”, Qriqori Qorin), Kristina (“Kuklalar evi”, Henrik İbsen), Nağıllar şahzadəsi (“Qar kraliçası”, Hans Kristian Andersen), Cavan kor qadın (“Korlar”, Moris Meterlink), Zifa (“Evlən, oğul, evlən!”, Süleyman və Həmdiyə Lətipovlar), O birisi (“Senemar”, Bəhram Beyzayi), Cahan (“Mən nənə ilə evlənirəm”, Hüseyn Muxtarov), Elena xala (“Dörd əkiz”, Panço Pançev).

2003-cü ildə Aztelefilmin "Durnalar qayıtdı" filmində gənc ana roluna, 2011-ci ildə "Susmuş vicdan" serialında epizodik qaçqın qadın roluna, 2020-ci ildə "Uçurum" serialında Cəmilə roluna çəkilib. 

A.Əhmədova həmçinin 1998-ci ildən hal-hazıradək rayonda keçirilən bədii-kütləvi tədbirlərdə aparıcılıq edir.

 Səmərəli fəaliyyətinə görə Mədəniyyət Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub.

2005-ci ildə isə A.Əhmədova teatr sahəsində qazandığı uğurlara görə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin ən yaxşı gənc teatr aktrisası”  nominasiyasında gənclər mükafatına layiq görülüb.