Anar Babalı

Lənkəran Dövlət Dram Teatrının baş rejissoru


Anar Babalı oğlu Sadıqov 1986-cı ildə Bakı şəhərində anadan olub. 1993-2004-cü illərdə Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən 192 saylı orta məktəbdə oxuyub. 1995-2000-ci illərdə Zabrat qəsəbəsində yerləşən 32 saylı Uşaq Musiqi Məktəbində qarmon ixtisası üzrə təhsil alıb. 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram rejissorluğu fakültəsinə daxil olaraq 2009-cu ildə Universiteti fərqlənmə diplomu ilə bitirib.

2010-2011-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında rejissor və aktyor, 2014-cü ildə Akademik Musiqili Teatrda rejissor köməkçisi, , 2015-2019-cu illərdə Akademik Milli Dram Teatrında rejissor, 2019-2021-ci illərdə Akademik Musiqili Teatrda rejissor kimi çalışıb.

2022-ci ildə Mədəniyyət naziri Anar Kərimovun sərəncamı ilə Lənkəran Dövlət Dram Teatrına baş rejissor vəzifəsinə təyin olunub.

A.Sadıqov 2011, 2015, 2017 və 2019-cu illərdə Moskvada Gənc Rejissorların labaratoriyasında müdavim olub, Sergey Jenovaç, Mark Zaxarov, Kama Qinkas, Viktor Rıjakov və digər tanınmış teatr xadimlərinin mühazirələrini dinləyib. 

A.Sadıqov 2013-ci ildə Trem Tv Productionda köməkçi rejissor vəzifəsində işləyib. 07 yanvar 2014-01 fevral 2016 -cı illərdə isə Azərbaycan Dövlət Musiqili Dram Teatrında O.Kazımi və R.Heydərin “Qızıl toy”, Ü.Hacıbəyovun “O olmasın, bu olsun”, A.Sadıqovun “Yatmış gözəl və cırtdanlar” (eyni zamanda ssenari müəlifi), T.Vəliyevanın “Mən dəyərəm min cavana”, S.Rəhmanın “Əliqulu evlənir”, E.Sabitoğlu, Y.Şvartsın “Qırmızı Papaq” tamaşalarında rejissor assistenti vəzifəsində çalışıb.

A.Sadıqov Akademik Milli Dram Teatrında “Hərənin öz ulduzu”, “Keçəlin şahlığı”, “Aldanmış ulduzlar”, “Manqurt” və s. əsərlərə quruluş verib. Onun hazırladığı “İuda” və “Manqurt” tamaşaları Bolqarıstan, Qırğızıstan, Qazaxstan və Gürcüstanda keçirilən beynəlxalq teatr festivallarında  mükafata layiq görülüb.