Anar Babalı

Baş rejissor


Sadıqov Anar Babalı oğlu 14 dekabr 1986-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1993-2004-cü illərdə Sabunçu rayon I Zabrat qəsəbəsində yerləşən 192 saylı orta məktəbdə təhsil almışdır. 1995-2000-ci illərdə I Zabrat qəsəbəsində yerləşən 32 saylı Uşaq Musiqi Məktəbində Qarmon ixtisası üzrə təhsil almışdır. 2005-2009-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtetində Rejissorluq Fakultəsinin Dram Rejissoru ixtisası üzrə Azər Paşa Nemətov, Firdovsi Naibov, Fərhad İsrafilov kimi görkəmli teatr xadimlərindən təhsil almış və universteti fərqlənmə diplomu ilə bitirmişdir.

 

16.02.2009-01.02.2010-cu illərdə Rəhman Əlizadənin yaratdığı Satira Teatr Studiyasında aktyor vəzifəsində çalışmışdır. 22.02.2010-01.06.2011-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında rejissor və aktyor kimi çalışmışdır. Həmin teatrda “Hərənin öz ulduzu” (İsi Məlikzadə) tamaşasına quruluş vermişdir.

 

08.09.2011-07.01.2011-ci illərdə Maştağa qəsəbəsində yerləşən H.A.Abbasov adına Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Uşaq” dram dərnəyinin rəhbəri vəzifəsində çalışmışdır.

 

2011-ci ildə Azərbaycan Teatr Xadimlərinin təşəbbüsü ilə Moskvada keçirilən Çexov Festivalı ərəfəsində masterklass dərslərində iştirak etmişdir.

 

2012-2013-cü illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında köməkçi rejissor vəzifəsində işləmişdir. “Boy çiçəyi” (İlyas Əfəndiyev), “Don Juan və həndəsəyə məhəbbət” (Maks Friş) tamaşalarında rejissor-assistent olmuşdur.

 

2013-ci ildə Trem Tv Productionda köməkçi rejissor vəzifəsində işləmişdir.

 

07.01.2014-01.02.2016-ci illərdə isə Azərbaycan Dövlət Musiqili Teatrında “Qızıl Toy” (Oqtay Kazımi, Ramiz Heydər), “O olmasın, bu olsun”, (Üzeyir Hacıbəyov), “Yatmış gözəl və cırtdanlar” (Anar Sadıqov), “Mən dəyərəm min cavana” (Tamara Vəliyeva), “Əliqulu evlənir” (Sabit Rəhman), “Qırmızı Papaq” (Emin Sabitoğlu, Y.Şvarts) tamaşalarında rejissor assistenti vəzifəsində çalışmışdır.

 

2016-2019-cu illərdə Akademik Milli Dram Teatrında rejissor vəzifəsində çalışmışdır. Akademik Milli Dram Teatrı – “Keçəlin Şahlığı”, “Aldanmış Ulduzlar”, “Rəqs edən Pinqvinlər”, “Nindza tısbağalar və Kapitan Cekin macəraları” (Anar Sadıqov), “Gəl baharım, gəl yazım”, “Sehrli Sandıq” (Xanım Həsənova), “İuda” (Ayşad Məmmədov) əsərlərinə quruluş vermiş, Xalq artisti Azər Paşa Nemətovun quruluşunda “Şah Qacar” (Əli Əmirli), “Ölülər” (Cəlil Məmmədquluzadə), “Almaz” (Cəfər Cabbarlı), “Cəhənnəm sakinləri” (Elçin), “Ah, bu uzun sevda yolu” (Əli Əmirli), “Sinif yoldaşları” (Yuri Polyakov), “Boy Çiçəyi” (İlyas Əfəndiyev), “On ikinci gecə və ya hər nə istəsəniz” (Uilyam Şekspir), “Lənkəran xanının vəziri” (Mirzə Fətəli Axundov) tamaşalarının rejissoru olmuşdur.

 

2022-ci ilin mart ayında Lənkəran Dövlət Dram Teatrına baş rejissor təyin edilmişdir. Bu teatrın səhnəsində “Prokuror” (Məmmədhüseyn Əliyev), “Casus” (Kamal Abdulla), “Yaşayan ölü” (Könül Məmmədova), “Sehrli alma” (Əli Əmirli), “Qış nağılı” (Həmid Piriyev) tamaşalarına quruluş vermişdir.