Aynur Əhmədova
Dram artisti
Əhmədova Aynur Əhməd qızı 1975-ci il sentyabrın 17-də Lənkəran şəhərində anadan olub. Orta təhsilini Lənkəran şəhər 9 saylı məktəbdə alıb. 1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəni-Maarif işi fakultəsinin Teatr kollektivinin rejissorluğu ixtisasına daxil olub, 1997-ci ildə oranı bitirib. Eyni zamanda 1996-1997-ci illərdə Akademik Milli Dram Teatrında kütləvi səhnələrdə çıxış edib. İlk dəfə səhnəyə həmin teatrın səhnəsində xalq artisti Azər Paşa Nemətovun quruluşunda xalq yazıçısı Elçinin “Ah, Paris, Paris” komediyasında bir neçə epizodik rolla çıxıb.
1998-ci ildən Lənkəran Dövlət Dram Teatrında yüksək dərəcəli dram aktrisası kimi çalışır. Ötən iyirmi beş il ərzində teatrda tamaşaya qoyulan dünya və Azərbaycan dramaturgiyası nümunələrindən əlliyə yaxın tamaşada müxtəlif səpkili rollar ifa edib.
Teatr səhnəsində oynadığı rollar:
Aytac (X.Murad “Artan dövlətinin hekayəti”); Nelli (V.Səmədoğlu “Uca dağ başında”); İradə (A.Hüseynov “İnsan və şeytan”); Nailə (Ş.Qurbanov “Özümüz bilərik”); Lalə (M.Haqverdiyev “Ah qadınlar, qadınlar”); Reyhan (M. Hüseyn “Cavanşir”); Gülüş (C.Cabbarlı “Sevil”); Turan (T.Vəliyeva “Mənim ağ göyərçinim”); Çiçək (İ.Coşqun “Ana laylası”); Maya (F.Mustafa “İlğım”); Aygün (H.Mirələmov “Vicdanın hökmü”); Anka (B.Nuşiç “Nəzirin xanımı”); Susanna (H.Allahyarov “Bir ovuc torpaq”); Kristina (H.İbsen “Nora”); Zaqs müdiri (Ə.Əmirli “Varlı qadın”); Yasəmən (S.S.Axundov “Qaraca qız”); Kəniz (Sofokl “Şah Edip”); Banuayca, Ana, Qoca qarı (B.Rzayev “Məhəbbət və ölüm”); Kama (M.İbrahimbəyov “Kərgədan buynuzu”); Katibə (Elçin “Dəlixanadan dəli qaçıb”); Nərgiz (Hidayət “Məni qınamayın”); Pompeya (M.Xubai “Neron”); Ayzadə (Ç.Aytmatov “Manqurt”); Gülbikə (Süleyman və Həmdiyyə Latıpovlar “Şah və əks-səda”); Cahan (H.Muxtarov “Mən nənə ilə evlənirəm”); Klementina (Q.Qorin “Herostratı unudun”); Ögey bacı (“Göyçək Fatma” Nağıl pyesi); Şölə (M.F.Axundov “Lənkəran xanının vəziri”); Xanım, Vəfa, Ana (M.Məmmədov “Sovqat”); Roza (K.Nəzirli “Şeytanın İşığı”); İfritə (X.Həsənova “Qış nağılı”); Elena (P.Pançe “Dörd əkiz haqqında nağıl”); Cemma (E.L.Voyniç “Ovod”); Zeynəb (C.Məmmədquluzadə “Danabaş kəndinin əhvalatları”); Katibə (M. Qoqol “Ölü canlar”); Mariya (Eduardo De Flippe “Ruhlar”); Əlamət (Ş.Başbəyov “Dəmir qadın”); Nigar (B.Bizayi “İlan Sultan”); Qadın (Elçin “Cəhənnəm sakinləri”); Sona (M.F.Axundov “Hacı Qara”); Xidmətçşi qadın (L.Lunari “Üç nəfər yelləncəkdə”); Ancelika (Molyer “Jorj Danden və ya Aldadılmış ər”); Kəmalə (İ.Əfəndiyev “Qəribə oğlan”); Mandana (Ə.Vəlioğlu “Əsrlərin harayı”); Cavan kor qadın (M. Meterlink “Korlar”); Xanım (B.Bizayi “Senemmar”); Səriyyə (C.Cabbarlı “Vəfalı Səriyyə”); Kitabxanaçı, Burla Xatun (Kamal Abdulla “Casus”); Ana (Ç.Aytmatov “Cəmilə”); 3-cü adam (Q.Nəcəfzadə “İki iyirmi üç arasında”).
Teatrdakı fəaliyyətiylə bərabər iyirmi beş ilə yaxındır ki, Lənkəran şəhərində keçirilən ümumrayon tədbirlərinin aparıcısıdır.
1999-cu ildən Yeni Azərbaycan Partiyası Lənkəran şəhər təşkilatının üzvüdür. 2001-ci ildən təşkilatın idarə heyətinin və Qadınlar şurasının üzvüdür. Partiyanın 2-ci və 3-cü qurultaylarının nümayəndəsi seçilib. 1998-ci ildən ölkəmizdə keçirilən Prezident və Parlament seçkilərində Lənkəran şəhər təşkilatının təbliğat-təşviqat qrupunda fəal iştirak edib. Yeni Azərbaycan Partiyasının 10-cu, 14-cü, 17-ci və 25-ci ildönümü tədbirlərində Lənkəran şəhər təşkilatının fəxri fərman və hədiyyələri ilə təltif olunub.
Ötən illərdə dəfələrlə Lənkəran Şəhər İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələrinə layiq görülüb. İyirmi il ərzində doqquz il (1999-2008) teatrla bərabər Lənkəran televiziyasında Xəbərlər departamentində xəbər aparıcısı və redaktoru kimi çalışıb, eyni zamanda, bir neçə layihənin müəllifi və aparıcısı olub.
2005-ci ildə Azərbaycan Respubliksı Gənclər və İdman Nazirliyinin “İlin ən yaxşı gənc teatr aktrisası” nominasiyası üzrə Gənclər mükafatına layiq görülüb.
2010-cu ildə Lənkəran Şəhər Bələdiyyəsinin “İlin laureatı” mükafatına layiq görülüb.
2017-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Fəxri Mədəniyyət İşçisi” döş nişanına, 2022-ci ildə isə Mədəniyyət Nazirliyinin “Fəxri Fərman” ilə təltif olunub.
2008-ci il Türkiyənin Konya şəhərində, 2010-cu ildə Ankarada, 2011-ci ildə Dənizlidə, 2016-cı ildə İran-İslam Respublikasının Təbriz və Məşhəd şəhərlərində keçirilən “Fəcr” Beynəlxalq Teatr festivallarında, 2019-cu ildə Tehranda keçirilən “Adət-ənənə” festivalında çıxış edib.
2022-ci il martın 10-da Milli Teatr Günü münasibətilə AR Mədəniyyət Nazirinin Fəxri Fərmanı ilə təltif olunub.
2023-ü ildə Prezident Mükafatına layiq görülüb.