
Babayev Allahverən
Dram artisti
Allahverən Hacı oğlu Babayev 20 yanvar 1961-ci ildə Lerik rayonunun Mondigah kəndində anadan olub. 1978-ci ildə kənd orta məktəbini bitirib. 1980 – 1982-ci illərdə ordu sıralarında xidmət edib. 1982 – 1983-cü illərdə Biləsuvar rayonunun Əsgərəbad kənd kitabxanasının müdiri işləyib. 1983 – 1987-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakultəsində təhsil alıb. Təyinatla Lənkəran Dövlət Dram Teatrına göndərilib.
Azərbaycan klassiklərinin əsərlərində oynadığı rollar: Xəlil yüzbaşı (“Hacı Qara”, Mirzə Fətəli Axundzadə), Xan ("Lənkəran xanın vəziri", Mirzə Fətəli Axundzadə), Hampa və İkinci dost, Məşədi Ramazan, Abbas bəy, Əmrah (“Xortdanın cəhənnəm məktubları”, “Millət dostları”, “Ağa Məhəmməd şah Qacar” və “Pəri cadu”, Əbdürrəhim bəy Haqverdiyev), İmran (“Tamahkar”, Süleyman Sani Axundov), Məşədi Oruc və Kərbəlayı Cəfər, Əsəd və Qazı (“Danabaş kəndinin əhvalatları” və “Danabaş kəndinin məktəbi”, Cəlil Məmmədquluzadə), Qəzənfər xan (“Qoç Polad”, Aqbdulla Şaiq), Şeyda (“Toy”, Sabit Rəhman), Heydər xan (“Nadir şah”, Nəriman Nərimanov), Qasım (“Əlibaba və qırx quldur”, nağıl əsasında işləyəni Loğman Kərimov), Baba (“Dəcəl keçi”, Pərvin Nurəliyeva), Sahə müvəkkili (“Ay lolo və ya moskvalı gəlin”, Hafiz Mirzə), Ayı (“Meşəbəyinin dostları”, Əjdər Ol), Hökmdar Rac (“Yetim Rac”, Oruc Qurbanov), Şaxta baba (“Balaca qara qız”, Tərlan Abdullayev).
Çağdaş milli dramaturqlarımızın müxtəlif janrlı əsərlərində oynadığı səhnə obrazları: Şorot (“Qanqın böyük dalğası”, Cahan Əfruz), Qoçaq “Molla Nəsrəddin və Əzrail”, Şahrobi Əliyev), Alp Ərqoca (“Alp Ağuz”, Fikrət Sadıq), Cavan oğlan (“Büst”, Seyran Səxavət), Murad (“Dağlar arxasız olmur”, Camal Yusifzadə), Cavanşir ("Onun iki qabırğası, Əli Əmirli), Dədə Qorqud (Məhəbbət və ölüm", Baba Rzayev), Talıb (“Sehrli üzük”, Zakir Bağır), İkinci dərviş (“Min illərin işığı”, Kamil Abdullayev), Gözətçi (“Füzuli”, Ağamir Cavad), Sadıqov (“Qəhrəmanlıq xronikası”, Baba Rzayev), Kiçik oğlan (“Ölüm hökmü”, Əli Səmədli), Soran (“Cavanşir”, Mehdi Hüseyn), Cavabşir (“Onun iki qabırğası”, Əli Əmirli), Kapitan (“Şeytan işığı”, Kamran Nəzirli), Otar (“Qəribə oğlan”, İlyas Əfəndiyev), Ucal (“Ailədə məhkəmə”, Marat Haqverdiyev), Cavanşir bəy (“Pənah xan Cavanşir”, Hüseynbala Mirələmov), Nəsrəddin (“Nəsrəddin”, Yusif Əzimzadə), Elnur (“Mənim ağ göyərçinim”, Tamara Vəliyeva), Qoşqar (“Ana laylası”, İsgəndər Coşqun), Ənvər (“Məni qınamayın”, Hidayət).
Əcnəbi müəlliflərin dramlarında çıxış etdiyi bədii personajlar: Oliserin (“Yudif”, Anton Tom İsaari), Meyxanıçı (“Karıxmış sultan”, Taufiq əl Hakimi), Kor kişi (“Manyak”, Əziz Nesin), İkinci anadangəlmə kor (“Korlar”, Moris Meterlink), Bədheybət (“Çəkməli pişik və ya Şahzadə Pyer”, Şarl Perro), Ömər (“Ocaq”, Turqut Özakman), Gənc (“Piyada Mahmud”, Mustay Kərim), Axlor (“Yudif”, Anton Tamsaaren), Jandarm (“Nazirin xanımı”, Branislav Nuşiç), Ömər (“Kərbəla”, Bəkir Yıldız), Qasım (“Əlibaba və qırx quldur”, nağıl əsasında işləyəni Loğman Kərimov), Paşa (“Fırıldaqçı”, Lev Korsinski), Şaxta baba (“Sehrli yaylıq”, Valeri Qubaryev), Vəkil (“Yaşanmayan gənclik” Savaş Dinçel).
Allahverən Babayev həmçinin “Sevginin göz yaşları” (Bağır), “Günəşim ol” (Bəşir) teleseriallarına çəkilib.