Hikmət Cəfərov

Dram artisti


Hikmət Musriddin oğlu Cəfərov 27 mart 1960-cı ildə Lənkəran rayonu  Viyən kəndində anadan olub. 1977-ci ildə  orta məktəbi bitirib. Hərbi xidmətdən sonra 1980 – 1981-ci illərdə Bakıda 88 saylı peşə məktəbində elektrik montyoru ixtisası üzrə təhsil alıb. 1981 – 1985-ci illərdə Bakıda elektrik şəbəkəsində montyor işləyib.  1986 – 1991-ci  illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Institutunun mədəni-maarif fakültəsinin özfəaliyyət teatr kollektivlərinə rəhbərlik şöbəsində qiyabi təhsil alıb.  1985-ci ildən Lənkəran Dövlət Dram Teatrının aktyorudur.  
 
Azərbaycan klassiklərinin əsərlərində oynadığı rollar: Arakel, Heydər, Ağa Zaman (“Hacı Qara”, “Lənkəran xanının vəziri” və “Molla İbrahimxəlil kimyagər”, Mirzə Fətəli Axundzadə), Xidmətçi (“İnci dolu xəzinə”. Nizami Gəncəvinin (“Sirlər xəzinəsi” poeması əsasında səhnələşdirən Adil Zeynalov), Rüstəm bəy (“Xor-xor”, Sultanməcid Qənizadə), Kərbəlayi Mirzalı (“Danabaş kəndinin məktəbi”, Cəlil Məmmədquluzadə), Müəllim, Mürsəl bəy (“Xortdanın cəhənnəm məktubları” və “Millət dostları”, Əbdürrəhim bəy Haqverdiyev), Minbaşı (“Ağa Kərim xan Ərdəbili”, Nəcəf bəy Vəzirov).
 
Çağdaş milli dramaturqlarımızın müxtəlif janrlı əsərlərində oynadığı səhnə obrazları: Fərraş (“Bir sarayın oyunları”, Camal Yusifzadə), Roşik, Arıq (“Qanqın böyük dalğası” və “Gəldim ki, deyəm sevirəm”, Cahan Əfruz), Tülkü (“Alp Ağuz”, Fikrət Sadıq), Şirinbala “Şirinbala bal yığır”, Salam Qədirzadə), Qəbirqazan (“Ölüm hökmü”, Əli Səmədli), Keşikçi (“Artan dövlətinin hekayəti”, Xədicə Murad), Birinci mələk, Quqqulu (“Mamoy kişinin yuxuları” və “Uca dağ başında”, Vaqif Səmədoğlu), Qənimət (“Cavanşir”, Mehdi Hüseyn), Sərdar “İnsan və şeytan”, Azər Abdullayev), Bəhruz (“Mənim ağ göyərçinim”, Tamara Vəliyeva), Vəzir (“Göyçək Fatma”, Ağacəfər Fətullayev), Allahverdi (“Əcnəbi kürəkən”, Maarif Məmmədov), Kaşşey (“Ölməz Kaşşey”. Səhnələşdirən Əlibala Əsgərov), Ümid (“Qəribə oğlan”, İlyas Əfəndiyev), Dərzi (“Üç qardaş”, Ağaddin Babayev), Mustafa (“Əlibaba və qırx quldur”. Nağıllar əsasında işləyən Əlibala Əsgərov), Orbay (“Əsrlərin harayı”, Əli Vəlioğlu), Vəkil (“Ailədə məhkəmə”, Marat Haqverdiyev), Molla Həsənağa (“Ay lolo və ya moskvalı gəlin”, Hafiz Mirzə), Ayı (“Meşəbəyinin dostları”, Əjdər Ol), Cəllad (“Yetim Rac”, Oruc Qurbanov), Bəhruz (“Mənim ağ göyərçinim”, Tamara Vəliyeva), Sərdar (“İnsan və şeytan”, Azər Abdullayev).
 
Əcnəbi müəlliflərin dramlarında çıxış etdiyi bədii personajlar: Birinci rəngçi (“Pul mənim, yar mənim”, Eduardo de Filippo), Komissiya üzvü (“Varislər”, Dulat İsabəyov), Pristov (“Müfəttiş”, Nikolay Qoqol), İkinci səs “Piyada Mahmud”, Mustay Kərim), Qulubəy (“Manqurt”, Çingiz Aytmatov), Kuqçar (“Dəmir qadın”, Şərəf Başbəyov), İkinci şəxs (“Piyada Mahmud”, Mustay Kərim).
 
H.Cəfərov həmçinin bir neçə teleserialda iştirak edib.