Lənkəran Dövlət Dram Teatrında 136-cı teatr mövsümünün təntənəli açılışı keçirilib
11 sentyabr 2026
11 sentyabr 2026-cı il tarixində Lənkəran Dövlət Dram Teatrında 136-cı teatr mövsümünün təntənəli açılışı keçirilib.
Açılış mərasimi teatrın qarşısında təşkil olunan musiqi proqramı ilə başlayıb.Konsert proqramında Dağıstan Respublikasının Əməkdar Artisti Əliyar Hüseynov, Gülər Kərimova, Vəfa Hacızadə, Cəfər Səlimov və kamança ifaçısı Təranə Şərifova çıxış ediblər. Tədbirdə yazıçı-dramaturq, ictimai xadim Hüseynbala Mirələmov, sənətşünaslıq elmləri doktoru, professor, Türkdilli Xalqların Teatrları Rəhbərlərinin Şurasının sədri İsrafil İsrafilov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülkər İsmayılova, rayon ictimaiyyəti və teatrın dostları iştirak ediblər.
Tamaşadan öncə teatrın direktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi, Dağıstan Respublikasının (RF) Əməkdar artisti Laləzar Hüseynova və Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Qabil Quliyev yeni teatr mövsümünün başlanması münasibətilə çıxış edərək kollektivə yaradıcılıq uğurları arzulayıblar. Azərbaycan Qadınları Respublika Cəmiyyəti İctimai Birliyinin Lənkəran Təşkilatının nümayəndəsi Bahirə Quliyeva da təşkilatın sədri, doktor Rəyisə Kazımovanın və kollektivin adından teatr heyətini təbrik edib.
136-cı teatr mövsümünün ilk tamaşası olaraq yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Gəlinlik paltarı” əsəri əsasında hazırlanmış eyniadlı səhnə əsəri nümayiş olunub. Tamaşa tamaşaçıların böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.
Tamaşadan sonra teatrın direktoru Laləzar Hüseynova və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülkər İsmayılova çıxış ediblər. Ülkər İsmayılova teatr kollektivini yeni mövsüm münasibətilə təbrik edib, uğurlar arzulayıb. Teatrın direktoru Laləzar Hüseynova tədbirə qatılan qonaqlara təşəkkürünü bildirib, qarşıdakı mövsümün yaradıcılıq planlarından və tamaşaçıları gözləyən yeni səhnə əsərlərindən söz açıb.
Mərasimin sonunda teatrın yaradıcılıq fəaliyyətinə könüllü dəstəyi ilə töhfə verən gənc rəqqasə Mehriban Hüseynova və teatrın qrimçi-postijoru İfadə Rzayeva diplomla təltif olunublar.
136-cı teatr mövsümü uğurlu və yaradıcılıqla zəngin olsun!
