Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib
24 sentyabr 2026
Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18–30 sentyabr tarixlərində keçirilən Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 24-də Lənkəran Dövlət Dram Teatrının təqdimatında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası nümayiş olunub.
Azərbaycan milli musiqili teatrının klassik nümunələrindən olan əsər Lənkəran Dövlət Dram Teatrının yaradıcı heyəti tərəfindən təqdim edilib.
Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Dağıstanın (RF) Əməkdar artisti Laləzər Hüseynova, rejissoru Emil Əskərov, quruluşçu rəssamı Fuad Hüseynov, rəssamı isə Sevən Həsənlidir.
Tamaşada rolları Saleh Əzimzadə, Vəfa Hacızadə, Aynur Əhmədova, Əbülfəz Axundov, Səyad Əliyev, Teymur Hacızadə, Ayşən Əsədova, Məleykə Cəfərova, Təranə Fərəcova, Aysel Babazadə və Şəbnəm Hüseynova ifa ediblər.
Üzeyir Hacıbəylinin zəngin musiqisi və milli koloritlə seçilən əsər tamaşaçılar tərəfindən maraqla qarşılanıb, aktyorların çıxışları alqışlarla müşayiət olunub.
Qeyd edək ki, Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan bəstəkarının yaradıcılıq irsinin təbliği və milli musiqi mədəniyyətinin geniş auditoriyaya çatdırılması məqsədilə müxtəlif mədəni tədbirlər keçirilir.
