Lənkəran Dövlət Dram Teatrı 135-ci mövsümünü uğurla başa vurdu
19 iyul 2026
Lənkəran Dövlət Dram Teatrı 135-ci mövsümünü uğurla başa vurdu
Lənkəran Dövlət Dram Teatrı 18 iyul 2026-cı il tarixində 135-ci teatr mövsümünün təntənəli bağlanış mərasimini keçirib.
Mövsümün son günündə teatrsevərlərə dahi alman dramaturqu Fridrix Şillerin "Məkr və məhəbbət" tamaşası təqdim olunub. Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Tamaşa izləyicilər tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.
Tamaşanın ardınca Lənkəran Dövlət Dram Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi, Dağıstan Respublikasının Əməkdar Artisti Laləzar Hüseynova çıxış edərək mövsümün yekunları barədə fikirlərini bölüşüb:
"135-ci mövsüm teatrımız üçün olduqca uğurlu və məhsuldar bir il kimi yadda qaldı. Bu dövr ərzində repertuarımız öz rəngarəngliyi ilə seçilib. Yaradıcı heyətimiz respublikamızın müxtəlif bölgələrinə 31 uğurlu qastrol səfəri reallaşdırıb. Yeni teatr mövsümündə də sizləri maraqlı premyeralar və fərqli tamaşalarla sevindirməyə davam edəcəyik. Bu yolda bizimlə olan hər kəsə, xüsusilə Lənkəran ictimaiyyətinə və sadiq tamaşaçılarımıza dərin minnətdarlığımı bildirirəm".
