Lənkəran Dövlət Dram Teatrında mövsümün yekunlarına həsr olunmuş iclas keçirilib
20 iyul 2026
Lənkəran Dövlət Dram Teatrında mövsümün yekunlarına həsr olunmuş iclas keçirilib
19 iyul 2026-cı il tarixində Lənkəran Dövlət Dram Teatrında teatr mövsümünün başa çatması ilə bağlı hesabat yığıncağı keçirilib.
Teatrın direktoru — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının əməkdar artisti Laləzar xanım Hüseynova kollektivi salamlayaraq, ilin yekunları ilə bağlı müxtəlif şöbələrin hesabat məruzələrinin kollektivin diqqətə çatdırıb.
Yığıncaqda Yaradıcılıq şöbəsinin müdiri Aynur xanım Əhmədovanın, direktor müavini Oruc Şərbətovun, Kommunikasiya və strategiya şöbəsinin müdiri Namiq Ağayevin, Geyim və səhnə tərtibatı şöbəsinin müdiri Mirağa Rzazadənin, sektor müdiri Səyyad Əliyevin və marketinq üzrə mütəxəssis Şəhriyar Camalbəylinin illik hesabatları dinlənilib.
İclasın sonunda çıxış edən teatrın direktoru Laləzar xanım Hüseynova mövsümün uğurları barədə danışarkən bildirib:
"135-ci teatr mövsümü doğma teatrımız üçün olduqca uğurlu keçib. Repertuarımızda müxtəlif yaş kateqoriyalarına uyğun tamaşalar yer alıb. Cari mövsümdə Azərbaycan klassik dramaturgiyası ilə yanaşı, dünya klassikasına da geniş müraciət edilib, yerli yazarlarla əlaqələr daha da gücləndirilib. 2025–2026-cı il teatr mövsümündə kollektivimiz respublikamızın müxtəlif bölgələrinə 31 dəfə qastrol səfəri təşkil edib".
Qeyd olunub ki, geridə qalan 135-ci teatr mövsümündə bir sıra yaddaqalan premyeralar baş tutub. Tamaşaçılara təqdim olunan səhnə əsərləri sırasında F.Şillerin "Məkr və məhəbbət" (quruluşçu rejissor: Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanov), Məmmədhüseyn Əliyevin "Kölgəli üz" (quruluşçu rejissor: Emil Əskərov) və yazıçı-dramaturq Hüseynbala Mirələmovun "Gəlinlik paltarı" tamaşaları xüsusi rəğbətlə qarşılanıb.
Sonda teatrın səmərəli fəaliyyəti ilə seçilən bir qrup əməkdaşı mükafatlandırılıb. Direktor Laləzar xanım Hüseynova aparıcı səhnə ustası, Azərbaycan Respublikasının Xalq artisti Qabil Quliyevə, dram artisti Teymur Hacızadəyə, quruluşçu rəssam Fuad Hüseynova, Geyim və səhnə tərtibatı şöbəsinin müdiri Mirağa Rzazadəyə, əlbəsəçi Aybəniz Möhsümzadəyə və işıq texniki Fərahim Fərəcova fəxri diplomları təqdim edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
