
“Bir qadın, bir səhnə, bir ömür” – Lənkəran Dövlət Dram Teatrında yubiley gecəsi
02 oktyabr 2025
“Bir qadın, bir səhnə, bir ömür” – Lənkəran Dövlət Dram Teatrında yubiley gecəsi
29 sentyabr Lənkəran Dövlət Dram Teatrında teatrın aparıcı səhnə ustası, Prezident mükafatçısı, sevilən aktrisa Aynur xanım Əhmədovanın 50 illik yubileyinə həsr olunmuş “Bir qadın, bir səhnə, bir ömür” adlı möhtəşəm yubiley gecəsi keçirilib.
Tədbiri giriş sözü ilə teatrın direktoru, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının əməkdar artisti Laləzər xanım Hüseynova açaraq qonaqları salamlayıb. O, Aynur Əhmədovanın zəngin yaradıcılıq yolundan, teatr fəaliyyətindən bəhs edərək, aktrisanın Lənkəran Dövlət Dram Teatrındakı xidmətlərini yüksək dəyərləndirib. Laləzər xanım çıxışında qeyd edib ki, Aynur xanımın sənət fəaliyyəti Azərbaycan milli teatr sənətinin ən parlaq nümunələrindəndir.
Tədbirdə çıxış edənlər arasında əvvəlcə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının müavini Ülviyyə xanım Əliyeva çıxış edərək, Aynur xanımın həyat və sənət yolundan danışıb, onun dəyərli bir sənətkar kimi formalaşması və Lənkəranın ictimai və mədəni həyatında oynadığı roldan söz açıb.
Daha sonra Yeni Azərbaycan Partiyası Lənkəran Rayon Təşkilatının sədri İqbal Əmənullayev çıxış edərək, Aynur xanımın həm dəyərli bir sənətkar, həm də ictimai-siyasi həyatın fəal iştirakçısı olduğunu, Yeni Azərbaycan Partiyasının mədəni həyatında mühüm rol oynadığını vurğulayıb.
Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov çıxış edərək, Aynur xanımı yubiley gecəsi münasibətilə təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıb və bildirib ki, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin keçirdiyi tədbirlərdə Aynur xanım çox yaxından iştirak edib.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Əməkdar artist Azad Şükürov çıxışında Aynur xanımın tələbəlik illərindən söz açaraq, onun həmişə məsuliyyətli, diqqətli və istedadlı bir sənətkar olduğunu, teatr sənətini daima uğurla təmsil etdiyini vurğulayıb.
Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, əməkdar artist Məsmə Aslanqızı çıxışında Aynur xanımla 30 illik dostluq əlaqələrindən, tələbəlik illərindən və Akademik Milli Dram Teatrında birlikdə çalışdıqları günləri xatırlayaraq, sənətkara bundan sonrakı həyat və yaradıcılığında uğurlar arzulayıb.
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının rejissoru, əməkdar artist Nicat Kazımov çıxışında Aynur xanımın yaradıcılıq yoluna və zəngin obraz qalereyasına nəzər salıb, hər bir rejissor üçün belə bir sənətkarla işləməyin xoşbəxtlik olduğunu vurğulayıb.
Azərbaycan Respublikasının Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Qabil Quliyev çıxış edərək, Aynur xanımı ürəkdən təbrik edib, onun sənət yolunu yüksək dəyərləndirib. O, Aynur xanımın Azərbaycan teatr sənətində özünəməxsus yeri və rolu olduğunu, səhnədə yaratdığı obrazlarla tamaşaçıların qəlbində silinməz iz qoyduğunu vurğulayıb. Qabil Quliyev bildirib ki, Aynur xanımın peşəkarlığı, zəhmətsevərliyi, sənətə olan sevgisi və səhnədəki fədakarlığı gənc nəslə də örnəkdir. Xalq artisti həmçinin qeyd edib ki, belə sənətkarlarla eyni səhnəni bölüşmək, onları yaxından tanımaq və sənət yolunu izləmək böyük qürur hissidir. O, Aynur Əhmədovaya yaradıcılığında daha böyük nailiyyətlər, uğurlar və möhkəm can sağlığı arzulayıb.
Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin sədri, yazıçı Qafar Cəfərli çıxışında Aynur Əhmədovanın yaradıcılığından danışaraq, onun Lənkəran teatrını zənginləşdirən və yaratdığı obrazlarda xüsusilə qadın obrazlarını uğurla təqdim edən bir sənətkar olduğunu vurğulayıb.
Gecə ərzində Aynur xanımın həyat və yaradıcılıq yoluna nəzər salınıb, onun səhnə fəaliyyətinə həsr olunmuş videoçarxlar və müxtəlif tamaşalardan fraqmentlər nümayiş etdirilib.
Tədbir çərçivəsində Aynur Əhmədova Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı ilə təltif olunub. Daha sonra Akademik Milli Dram Teatrı tərəfindən ona yubiley mükafatı təqdim edilib, bu mükafat isə uzun illər teatr sənətinə verdiyi töhfələrin, səhnədəki fədakarlığının və yaradıcılıq fəaliyyətinin yüksək qiymətləndirilməsi olaraq Aynur xanıma təqdim olunub. Sənətkar bu mükafatlarla həm professional fəaliyyətinə, həm də Azərbaycan teatr sənətinə olan xidmətlərinə görə xüsusi şəkildə təqdir olunub və tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Gecə gənc aktyorların təqdim etdiyi səhnə kompozisiyaları və müxtəlif incəsənət nümunələri ilə davam edib, tamaşaçıların alqışları fonunda yaddaqalan anlara çevrilib.