“Gəlinlik paltarı” Astarada – Lənkəran Dövlət Dram Teatrının uğurlu qastrol səfəri

14 may 2026


14 may 2026-cı il tarixində Lənkəran Dövlət Dram Teatrının kollektivi yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Gəlinlik paltarı” əsəri əsasında hazırlanmış, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının əməkdar artisti Laləzar Hüseynovanın quruluş verdiyi eyni adlı tamaşa ilə Astara rayonunda uğurlu qastrol səfərində olub.

Tamaşa tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb. Səhnə əsərinin mövzusu, aktyor oyunu və tamaşanın emosional təsiri rayon ziyalıları tərəfindən yüksək qiymətləndirilib.

Tamaşadan sonra rayon ziyalıları çıxış edərək səhnə əsəri haqqında xoş fikirlərini bölüşüblər.

Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova isə tamaşadakı bütün aktyor oyunlarını yüksək qiymətləndirərək, Fənayə obrazını canlandıran Gülər Kərimlinin və Haris rolunu ifa edən Teymur Hacızadənin çıxışlarını xüsusilə qeyd edib. O, tamaşada ailə dəyərlərinin dolğun və təsirli şəkildə təqdim olunduğunu vurğulayaraq, Fənayə obrazını canlandıran Gülər Kərimliyə kəlağayı hədiyyə edib.

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Astara rayon üzrə nümayəndəsi Anar Kəkəyev Lənkəran Dövlət Dram Teatrının son illər ərzində uğurlu fəaliyyətindən söz açaraq, teatrın Astara rayonu ilə əlaqələrinin genişlənməsində Laləzar Hüseynovanın xüsusi rolunu qeyd edib. O, teatrın güclü ənənələrə malik olduğunu vurğulayıb.

Sonda Lənkəran Dövlət Dram Teatrının direktoru Laləzar Hüseynova səmimi qəbula görə Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevə və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncovaya minnətdarlığını bildirib. O qeyd edib ki, əsərdə əks olunan problemlərin bu günün reallıqları ilə səsləşməsi tamaşanın aktuallığını və əhəmiyyətini daha da artırır.

Laləzar Hüseynova Astara tamaşaçılarına göstərilən diqqətə və isti münasibətə görə təşəkkür edərək, gələcəkdə də belə yaradıcılıq görüşlərinin davam etdiriləcəyini bildirib.