“Gəlinlik paltarı” Salyanda – Lənkəran Dövlət Dram Teatrının uğurlu qastrol səfəri
13 Mart 2026
Gəlinlik paltarı” Salyanda – Lənkəran Dövlət Dram Teatrının uğurlu qastrol səfəri
13 mart 2026-cı il tarixində Lənkəran Dövlət Dram Teatrının kollektivi yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Gəlinlik paltarı” əsəri əsasında hazırlanmış, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının əməkdar artisti Laləzar xanım Hüseynovanın quruluş verdiyi eyni adlı tamaşa ilə Salyan rayonunda qastrol səfərində olub. Tamaşa Salyan Rayon Mədəniyyət Mərkəzində nümayiş etdirilib.
Tamaşadan öncə Salyan Rayon Mədəniyyət Mərkəzinin direktoru Ramil Bayramov rayon ictimaiyyəti adından Lənkəran Dövlət Dram Teatrının kollektivini, başda Laləzar xanım olmaqla salamlayıb.
Tamaşadan sonra rayon ziyalıları tamaşa haqqında xoş fikirlərini bölüşüblər.
Salyan Rayon Mərkəzi Kitabxanasının direktoru Səidə Əliyeva Lənkəran teatrının son illər ərzində uğurlu fəaliyyətindən söz açaraq, teatrın Salyan rayonu ilə əlaqələrinin genişlənməsində Laləzar xanımın xüsusi rolunu qeyd edib.
Əməkdar mədəniyyət işçisi Cahangir Qaraşov tamaşanın rejissorunu və yaradıcı heyəti təbrik edərək, Lənkəran teatrının güclü ənənələrə malik olduğunu vurğulayıb və tamaşanın səhnə tərtibatı, aktyor oyunu və musiqi həllinin yüksək səviyyədə qurulduğunu bildirib.
Tarixçi-tədqiqatçı Sahib Həsənov isə tamaşadakı aktyor oyununu yüksək qiymətləndirərək Fənayə obrazını canlandıran Ayşən Əsədova və Haris rolunu ifa edən Saleh Əzimzadənin oyununu xüsusilə qeyd edib.
Respublikanın Əməkdar artisti Rafiq Mirzə çıxışında Lənkəran teatrının onun üçün doğma olduğunu bildirərək Laləzar xanımın klassik teatr ənənələrinə sadiq, eyni zamanda yenilikçi rejissor olduğunu vurğulayıb.
Sonda Lənkəran Dövlət Dram Teatrının direktoru Laləzar xanım Hüseynova səmimi qəbula görə Şirvan - Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadəyə minnətdarlığını bildirərək qeyd edib ki, əsərin bu günün reallıqları ilə səsləşən problemləri əks etdirməsi xüsusi əhəmiyyət daşıyır. O, Salyan tamaşaçılarına təşəkkür edərək bildirib:
“Mənim üçün doğma və əziz olan Salyan tamaşaçıları, sizlərə dərin minnətdarlığımı bildirirəm. Bizləri tək qoymadınız. Çox sağ olun!”
