
“Haqqın 44 günü” tamaşası Hacıqabulda nümayiş olundu
02 oktyabr 2025
Lənkəran Dövlət Dram Teatrının “Haqqın 44 günü” tamaşası Hacıqabulda nümayiş olundu
Lənkəran Dövlət Dram Teatrının kollektivi “Haqqın 44 günü” tamaşası ilə Hacıqabul rayonunda qastrol səfərində olub. Müəllifi və quruluşçu rejissoru Anar Babalı olan tamaşa, 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış igid oğullarımızın əziz xatirəsinə ithaf edilib.
Səhnə əsərinin nümayişində Hacıqabul Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər. Tamaşadan əvvəl şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.
“Haqqın 44 günü” tamaşası Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi igidliyi, xalqımızın birliyi və dövlətimizin gücünü səhnə dili ilə tamaşaçılara çatdırır. Teatr kollektivi tamaşanı böyük məsuliyyət və dərin emosional duyğularla təqdim edib.
Nümayiş tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb və teatrın yaradıcı heyətinə minnətdarlıq bildirilib.