
“Haqqın 44 günü” tamaşası Şirvan şəhərində nümayiş olunub
02 oktyabr 2025
Lənkəran Dövlət Dram Teatrının “Haqqın 44 günü” tamaşası Şirvan şəhərində nümayiş olunub
Lənkəran Dövlət Dram Teatrının kollektivi “Haqqın 44 günü” tamaşası ilə Şirvan şəhərində uğurlu qastrol səfəri həyata keçirmişdir. Müəllifi və quruluşçu rejissoru Anar Babalı olan bu tamaşa 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış igid oğullarımızın əziz xatirəsinə ithaf olunmuşdur.
Tamaşanın nümayişində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı cənab İlqar Abbasov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəis müavini Emin Mustafayev, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak etmişdir. Nümayişdən əvvəl şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
“Haqqın 44 günü” tamaşası Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi igidliyi, xalqımızın birliyini və dövlətimizin gücünü səhnə dili ilə tamaşaçılara çatdırır. Teatr kollektivi əsəri böyük məsuliyyət və dərin emosional duyğularla təqdim etmiş, tamaşaçılar tərəfindən səmimi alqışlarla qarşılanmışdır.
Nümayişin sonunda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı cənab İlqar Abbasov Şirvan şəhərində yerləşən Zəfər abidəsinin simvolunu Lənkəran Dövlət Dram Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzər xanım Hüseynovaya təqdim etmişdir.
Laləzər xanım Hüseynova teatr kollektivi adından rayon rəhbərliyinə, ictimaiyyət nümayəndələrinə, ziyalılara və şəhid ailələrinə dərin təşəkkürünü və minnətdarlığını bildirmişdir.
Lənkəran Dövlət Dram Teatrı bu nümayişlə yalnız mədəniyyətimizin və teatr sənətimizin zənginliyini nümayiş etdirməmiş, həm də Vətən sevgisini və qəhrəmanlıq ruhunu gələcək nəsillərə çatdırmışdır.