
“Kölgəli üz” Nefçalada
07 oktyabr 2025
“Kölgəli üz” Nefçalada – Lənkəran Teatrının növbəti qastrol səfəri
07 oktyabr 2025-ci il tarixində Lənkəran Dövlət Dram Teatrının kollektivi Məmmədhüseyn Əliyevin “Kölgəli üz” tamaşası ilə Nefçala rayonunda qastrol səfərində olub. Tamaşa Nefçala Mədəniyyət Evində nümayiş etdirilib.
Tamaşaya rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, mədəniyyət işçiləri və çoxsaylı tamaşaçılar qatılıblar. Səhnə əsəri tamaşaçılar tərəfindən maraqla izlənilib, alqışlarla qarşılanıb.
Satirik üslubda yazılmış “Kölgəli üz” tamaşası bir idarə daxilində baş verən absurd və gülməli situasiyalar fonunda cəmiyyətin mənəvi problemlərinə işıq salır. Burada iclasdan çox qeybət, elmi işdən çox intriqa, əməkdaşlıqdan çox isə “kölgə oyunu” var.
Əsərin əsas qəhrəmanı Ramazanzadə müdir kreslosunda otursa da, ətrafındakıların dostmu, düşmənmi olduğunu anlaya bilmir. Onun sağında daim “tab gətirən” Razı, solunda isə hər addımda “fakt” və “iftira” axtaran Rəfizadə dayanıb. İdarənin “yumor generatoru” – katibə Darçın isə hər vəziyyətdən çıxış tapır.
Tamaşa boyunca səhnədə gülüş və düşündürücü məqamlar bir-birinə qarışır; hər sovqatın altında gizlənən rüşvət, hər zarafatın içində gizli bir həqiqət var.