“Kölgəli üz” Salyanda

07 oktyabr 2025


“Kölgəli üz” Salyanda – Lənkəran Dövlət Dram Teatrının uğurlu qastrol səfəri

07 oktyabr 2025-ci il tarixində Lənkəran Dövlət Dram Teatrının kollektivi Məmmədhüseyn Əliyevin müəllifi olduğu “Kölgəli üz” əsəri əsasında hazırlanmış eyni adlı tamaşa ilə Salyan rayonunda qastrol səfərində olub. Tamaşa Salyan Rayon Kukla Teatrının səhnəsində nümayiş etdirilib.

Tədbirdə Salyan rayon ictimaiyyətinin nümayəndələri, dəyərli ziyalılar, sənətsevərlər və rayonun mədəniyyət işçiləri iştirak ediblər. Tamaşa böyük maraqla izlənilib və sonda tamaşaçılar tərəfindən uzun sürən alqışlarla qarşılanıb.

Salyan rayon ictimaiyyətinin nümayəndələri və ziyalılar bu uğurlu səhnə əsərinə görə Lənkəran Dövlət Dram Teatrının rəhbərliyinə və kollektivinə dərin minnətdarlıqlarını bildiriblər.

Tamaşanın sonunda Lənkəran Dövlət Dram Teatrının direktoru, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının əməkdar artisti Laləzar xanım Hüseynova Salyan ictimaiyyətinə, ziyalılara və mədəniyyət nümayəndələrinə göstərilən xoş münasibətə görə öz səmimi təşəkkürünü və minnətdarlığını ifadə edib.

Bir idarə, iki düşmən, saysız-hesabsız “sovqat” və bitib-tükənməyən dedi-qodular...

Burada iclasdan çox qeybət var, elmi işdən çox intriqa, əməkdaşlıqdan çox isə “kölgə oyunu”.

Ramazanzadə – müdir kreslosunda oturub, amma özü də bilməz: ətrafındakılar dostdur, yoxsa düşmən? Onun bir tərəfində daim “tab gətirən” Razı dayanır. Razı hər kəsi “köpəkoğlu” adlandırır, hər tənqidə pul çıxarır, hər hədiyyəni “hörmət” kimi qəbul edir. Digər tərəfində isə heç vaxt susmayan Rəfizadə dayanıb – o, hər addımda “iftira” və ya “fakt” axtarır, müdirin gözdən düşməsi üçün çalışır.

Bir iki nəfərin çəkişməsi bəzən tribunal, bəzən məhkəmə zalını, bəzən də kənd toyunu xatırladır – biri danışır, o biri sözünün üstünə “qənd” qoyur, tamaşaçı isə gülə-gülə izləyir.

Katibə Darçın isə idarənin “yumor generatoru”dur. Onun ən məşhur sözü belə bir deyimə çevrilib: “Razı mən bilər!” Sanki idarənin qanun kitabı yoxdur, yalnız bir “qanun var” – Razı nə deyirsə, odur!

Amma işin ən maraqlı tərəfi sovqatlardadır. Çünki burda tufli, kostyum, sabun, ətuxnasında bəzən böyük sirrlər gizlənir. Gülməli görünür, amma hər sovqatın altında rüşvətin izi, hər zarafatın içində isə bir həqiqət yatır.

Pyes boyu tamaşa gah qəhqəhə ilə gülür, gah da dodaqaltı düşünür: “Görəsən, sadiqlik nədir, kimindir?”