
“Kölgəli üz” tamaşası ilə Biləsuvarda
07 oktyabr 2025
Lənkəran Dövlət Dram Teatrı “Kölgəli üz” tamaşası ilə Biləsuvar rayonunda qastrol səfərində olub
Lənkəran Dövlət Dram Teatrının kollektivi əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyevin “Kölgəli üz” (komediya) tamaşası ilə Biləsuvar rayonunda qastrol səfərində olub. Tamaşanın ilk premyerası məhz Biləsuvarda baş tutub.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və teatrsevərlər iştirak ediblər. Tamaşa tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov cənabları Lənkəran Dövlət Dram Teatrının rəhbərliyinə və kollektivinə bu uğurlu yaradıcılıq işinə görə minnətdarlığını bildirib.
Teatrın direktoru, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının əməkdar artisti Laləzar xanım Hüseynova göstərilən diqqət və qayğıya görə Biləsuvar Rayon İcra Hakimiyyətinin rəhbərliyinə və tamaşaçı ictimaiyyətinə öz dərin təşəkkürünü ifadə edib.
Bir idarə, iki düşmən, saysız-hesabsız “sovqat” və bitib-tükənməyən dedi-qodular...
Burada iclasdan çox qeybət var, elmi işdən çox intriqa, əməkdaşlıqdan çox isə “kölgə oyunu”.
Ramazanzadə – müdir kreslosunda oturub, amma özü də bilməz: ətrafındakılar dostdur, yoxsa düşmən? Onun bir tərəfində daim “tab gətirən” Razı dayanır. Razı hər kəsi “köpəkoğlu” adlandırır, hər tənqidə pul çıxarır, hər hədiyyəni “hörmət” kimi qəbul edir. Digər tərəfində isə heç vaxt susmayan Rafizəda dayanıb – o, hər addımda “iftira” və ya “fakt” axtarır, müdirin gözdən düşməsi üçün çalışır.
Bir iki nəfərin çəkişməsi bəzən tribunal, bəzən məhkəmə zalını, bəzən də kənd toyunu xatırladır – biri danışır, o biri sözünün üstünə “qənd” qoyur, tamaşaçı isə gülə-gülə izləyir.
Katibə Darçın isə idarənin “yumor generatoru”dur. Onun ən məşhur sözü belə bir deyimə çevrilib: “Razı mən bilər!” Sanki idarənin qanun kitabı yoxdur, yalnız bir “qanun var” – Razı nə deyirsə, odur!
Amma işin ən maraqlı tərəfi sovqatlardadır. Çünki burda tufli, kostyum, sabun, ətuxnasında bəzən böyük sirrlər gizlənir. Gülməli görünür, amma hər sovqatın altında rüşvətin izi, hər zarafatın içində isə bir həqiqət yatır.
Pyes boyu tamaşa gah qəhqəhə ilə gülür, gah da dodaqaltı düşünür: “Görəsən, sadiqlik nədir, kimindir?”