Ağıldankəm Jurden tamaşası nümayiş olunub
26 noyabr 2026
Lənkəran Dövlət Dram Teatrında "Ağıldankəm Jurden" tamaşası nümayiş olunub
Noyabrın 26-da Şuşa Dövlət Musiqili Dram Teatrının truppası bölgələrə qastrol səfərləri çərçivəsində Lənkəran Dövlət Dram Teatrının səhnəsində Mixail Bulqakovun "Ağıldankəm Jurden" tamaşasını nümayiş etdirib.
Mixail Bulqakovun eyniadlı əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Anar Babalı, rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədovdur.
"Ağıldankəm Jurden"in əsas konfliktini baş qəhrəman Jurdenin özünü zadəgan kimi göstərmək arzusu ilə onun real sosial mənsubiyyəti arasındakı ziddiyyət təşkil edir. Əsil-nəcabətindən utanan və olmadığı kimi görünməyə çalışan Jurdenin əlçatmaz istəyi ətrafında gülüş doğuran hadisələr cərəyan edir. O, yalançı şöhrət arxasınca qaçaraq sağlam düşüncəsini itirir, mənsub olmaq istədiyi "elit" cəmiyyətin fırıldaqçıları tərəfindən asanlıqla aldadılır.
Səhnə əsərində obrazları Əməkdar artist Nazir Rüstəmov, Xanirə İsgəndərova, Mətanət Eres, Dürdanə Dünyamaliyeva, Təranə Əliyeva, Emin Sevdiməliyev, Sürahi Əliməmmədova, Rəhimə Məmmədova, Cavid Cavadzadə, Orxan Abışov, Hamlet Qənbərov, Mobil Qurbanov və Azər Məmmədov ifa ediblər.
Tamaşa lənkəranlı teatrsevərlər tərəfindən maraqla qarşılanıb.
