Akademik Milli Dram Teatrı Lənkəranda qastrol səfərində olub

11 Dekabr 2023


Akademik Milli Dram Teatrının kollektivi dekabrın 11-i Lənkəran şəhərində qastrol səfərində olub.

İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edən teatrın kollektivi Ümummilli Liderin xatirəsini ehtiramla yad edib.

Daha sonra Lənkəran Dövlət Dram Teatrının səhnəsində Xalq artisti Mərahim Fərzəlibəyovun quruluş verdiyi "Qarabağnamə" tamaşası nümayiş etdirilib.

Xalq yazıçısı İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rəssamı İsmayıl Məmmədov, geyim rəssamı Aygün Mahmudova, işıq rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Həmid Kazımzadədir.

Tamaşada rolları Xalq artistləri Kazım Abdullayev, Rafiq Əzimov, Firəngiz Mütəllimova, Əli Nur, Hacı İsmayılov, Əməkdar artistlər Məsmə Aslanqızı, Kazım Həsənquliyev, Elnar Qarayev, Elşən Rüstəmov, Elxan Quliyev, Elşən Cəbrayılov, aktyorlardan Ləman İmanova, İlyas Əhmədov, Ramin Şıxəliyev, Nigar Güləhmədova, Tural İbrahimov, Elsevər Rəhimov, Nəzrin Abdullayeva, Cavidan Novruz, Məhsəti Tahirzadə, Fizuzə Balayeva ifa edib.

Tamaşanın nümayişindən sonra Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov və Lənkəran Dövlət Dram Teatrının direktor v.i.e. İntiqam Hacılı çıxış edərək Akademik Milli Dram Teatrının heyətinə ürək sözlərini çatdırıb.