Biləsuvarda “Haqqın 44 günü” tamaşası nümayiş etdirilib

02 oktyabr 2025


Biləsuvarda “Haqqın 44 günü” tamaşası nümayiş etdirilib

Lənkəran Dövlət Dram Teatrı qastrol səfəri çərçivəsində Biləsuvar şəhərində “Haqqın 44 günü” tamaşasını təqdim edib.

Əsərin müəllifi və quruluşçu rejissoru Anar Babalıdır. Səhnə əsərində 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərlərinin torpaq və dövlət naminə göstərdikləri qəhrəmanlıq, fədakarlıq və xalqımızın sarsılmaz birliyi bədii dillə təsvir olunub. Tamaşa şəhidlərimizin əziz xatirəsinə, qazilərimizin mərdliyinə və rəşadətli Ordumuzun möhtəşəm zəfərinə ehtiram nümunəsi kimi ərsəyə gətirilib.

Tamaşadan öncə Vətən torpaqlarının azadlığı uğrunda canını fəda etmiş igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tamaşa Biləsuvar ictimaiyyəti tərəfindən böyük maraq və qürur hissi ilə qarşılanıb, alqışlarla müşayiət olunub. Səhnə əsəri bir daha təsdiqlədi ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi, milli iradə və gücünün təntənəsidir.

Tamaşadan sonra Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı cənab Faiq Qürbətov Lənkəran Dövlət Dram Teatrının rəhbərliyinə və kollektivinə bu cür vətənpərvərlik ruhunda səhnə əsərlərinin hazırlanmasında göstərdikləri xidmətə görə təşəkkürünü və minnətdarlığını bildirib. Ardınca teatrın direktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi, Dağıstan Respublikasının Əməkdar atristi Laləzər xanım Hüseynova göstərilən diqqət və qayğıya görə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı cənab Faiq Qürbətova, rayon ictimaiyyətinə, ziyalılara və şəhid ailələrinə dərin minnətdarlığını ifadə edib.