Casus Akademik Milli Dram Teatrı -da
30.10.2024
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılğı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının dəstəyi ilə “Bölgə teatrlarının Bakı premyeraları” layihəsi çərçivəsində, oktyabrın 30-da Akademik Milli Dram Teatrının səhnəsində, Lənkəran Dövlət Dram Teatrının kollektivi,yazıçı Kamal Abdullanın “Casus” dram əsəri əsasında hazırlanan, eyniadlı tamaşa nümayiş olunub.
Təqdim olunan “Casus” tamaşasının quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Tərlan Sadıqov,bəstəkar Azər Hacıəsgərlidir.
Tamaşada aktyorlardan, Respublikanın xalq artisti Qabil Quliyev(Dədə Qorqud) Qızılgül Quliyeva (Boğazca Fatma), Respublikanın əməkdar artisti Sücəddin Mirzəyev(Qazan xan ),Aynur Əhmədova (Burla xatun), Saleh Əzimzadə (Beyrək), Əbülfəz Axundov (Aruz qoca), Miraslan Ağayev (Şirşəmsəddin), Buludxan Buludov (Bayandur xan) , Allahverən Babayev (Bəkil) ifa ediblər.“Casus” sirr və onun açılması üzərində qurulub. Əsərdə Dədə Qorqud obrazı hadisələrin axarını istiqamətləndirir. O, Oğuz tayfaları arasında casusluq edənin kim olduğunu Qazan xana söyləyir. Ancaq Boğazca Fatmanı da məsələdən xəbərdar edən özü olur. Dədə Qorqud Oğuzun təəssübkeşi kimi çıxış edir. Məhz bu səbəbdən casusun kim olduğunu söyləsə də, o biri yandan da məsələyə insani mövqedən yanaşır, Boğazca Fatmanı onun casus oğlunun başına gələcək fəlakətdən xəbərdar edir, ona ölümdən xilas yolunu göstərir.Tamaşanın sonunda Akademik Milli Dram Teatrınının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, teatrın Bədii rəhbəri, Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə tərəfindən, Lənkəran Dövlət Dram teatrının uğurlu çıxışlarına görə Akademik Milli Dram Teatrının diplomunu , Lənkəran Dövlət Dram Teatrının direktoru, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının əməkdar artisti Laləzar Hüseynovaya təqdim olunub.
+10