Ella Yaqubovanın 80 illik yubileyi Mingəçevir səhnəsində qeyd olundu

10 Aprel 2026


Lənkəran Dövlət Dram Teatrı

 

10 aprel 2026-cı il tarixində Mingəçevir Dövlət Dram Teatrında Azərbaycan Respublikasının xalq artisti Ella Yaqubovanın 80 illik yubileyi və yaradıcılıq fəaliyyətinin 60 illiyi qeyd olunub.

 

 

Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Lənkəran Dövlət Dram Teatrının nümayəndələri, teatrsevərlər və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

 

 

Yubiley münasibətilə Ella Yaqubovanın iştirakı ilə “Ana fəryadı” benefis tamaşası nümayiş olunub. Tamaşanın müəllifi Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyev, quruluşçu rejissoru isə Azərbaycan və Kalmıkiya respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

 

Tamaşadan sonra Ella Yaqubovaya Lənkəran Dövlət Dram Teatrının rəhbərliyi adından ünvanlanmış təbrik məktubu oxunub və fəxri fərman təqdim edilib.

 

Fəxri fərmanı Lənkəran Dövlət Dram Teatrının direktoru, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının əməkdar artisti Laləzar xanım Hüseynova təqdim edib.