Laləzar Hüseynovaya şəhid ailələri və müharibə iştirakçılarına göstərdiyi diqqətə görə fəxri fərman təqdim olunub
22 iyun 2026
Azərbaycan Respublikası Qarabağ Əlillərinin Qayğı İctimai Birliyinin Lənkəran filialı tərəfindən Lənkəran Dövlət Dram Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar Hüseynovaya fəxri fərman təqdim olunub.
Fəxri fərman Laləzar Hüseynovanın şəhid ailələrinə, Qarabağ əlillərinə və müharibə veteranlarına göstərdiyi mənəvi dəstək, diqqət və qayğıya görə təltif edilib.
Qeyd olunub ki, mədəniyyət sahəsində uzun illər fəaliyyət göstərən Laləzar Hüseynova yalnız teatr sənətinin inkişafına deyil, eyni zamanda cəmiyyət üçün mühüm əhəmiyyət daşıyan sosial və mənəvi dəyərlərin qorunmasına da xüsusi töhfələr verir. Onun şəhid ailələrinə, qazilərə və veteranlara göstərdiyi ehtiram və diqqət nümunəvi addım kimi qiymətləndirilib.
Fəxri fərmanı Azərbaycan Respublikası Qarabağ Əlillərinin Qayğı İctimai Birliyinin Lənkəran filialının sədri Ə. Ağayev təqdim edib və Laləzar Hüseynovanın fəaliyyətində uğurlar arzulayıb.Görüşdə Azərbaycan Respublikası Qarabağ Əlillərinin Qayğı İctimai Birliyinin Lənkəran filialının sədri, müharibə veteranı Əlisəfa Ağayev, filial sədrinin müavini, müharibə veteranı Elman Əliyev, idarə heyətinin üzvü, müharibə veteranı Alim Rzayev, həmçinin müharibə veteranı və şəhid atası Layim Veysəlov iştirak ediblər.
Çıxış edənlər Laləzar Hüseynovanın şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına və sosial qayğıya ehtiyacı olan insanlara göstərdiyi diqqət və dəstəyi yüksək qiymətləndirərək, onun fəaliyyətinin cəmiyyət üçün nümunəvi olduğunu bildiriblər. Qeyd olunub ki, Lənkəran Dövlət Dram Teatrının rəhbəri kimi Laləzar Hüseynova milli-mənəvi dəyərlərin təbliği, vətənpərvərlik ruhunun aşılanması və ictimai həmrəyliyin möhkəmləndirilməsi istiqamətində mühüm xidmətlər göstərir.
