Lənkəran Dövlət Dram Teatrı Biləsuvar şəhərində qastrolda olub

1 iyul 2026


Lənkəran Dövlət Dram Teatrının Biləsuvar qastrolu tamaşaçıların böyük marağına səbəb olub

 

“Azərbaycan Mədəniyyəti 2040” konsepsiyası, Azərbaycan Respublikası Prezidentinin mədəniyyətin inkişafına dair müvafiq sərəncamları və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi çərçivəsində Lənkəran Dövlət Dram Teatrı növbəti uğurlu qastrol səfərini Biləsuvarda reallaşdırıb.

 

1 iyul 2026-cı il tarixində teatr kollektivi görkəmli alman dramaturqu Fridrix Şillerin “Məkr və məhəbbət” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı Biləsuvar Gənclər Evində təqdim edib. Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi tamaşa peşəkar aktyor oyunu, maraqlı rejissor həlli və yüksək səhnə tərtibatı ilə tamaşaçıların rəğbətini qazanıb.

 

Tamaşanın sonunda Lənkəran Dövlət Dram Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar xanım Hüseynova qastrolun yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadəyə, eləcə də Biləsuvar Gənclər Evinin direktoru Vəkil Cəfərliyə təşəkkürünü bildirib.

 

Qeyd olunub ki, qastrol səfərləri bölgələrdə teatr sənətinin təbliği, yeni tamaşaçı auditoriyasının formalaşdırılması, klassik əsərlərin daha geniş kütləyə çatdırılması və teatr olmayan ərazilərdə səhnə sənətinin inkişafına mühüm töhfə verir.

 

Səfərin sonunda teatr kollektivi ilə xatirə şəkilləri çəkdirilərək bu əlamətdar görüşün xoş anları yaddaşlara həkk olunub.