Lənkəran Dövlət Dram Teatrı “Cəmilə” tamaşasının ikinci premyerasını Bakıda keçirib
18 Oktyabr 2023
Oktyabrın 16-sı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının “Qonaq teatr” layihəsi çərçivəsində Lənkəran Dövlət Dram Teatrının “Cəmilə” romantik dramı Bakı şəhərində tamaşaçılara təqdim olunub.
Tədbirdə fəxri qonaqlar, Azərbaycan teatr ictimaiyyətinin və Qırğızıstanın Azərbaycandakı Səfirliyinin nümayəndələri iştirak edib.
Tamaşadan əvvəl Azərbaycan Teatr Xadimləri İttifaqı sədrinin vəzifəsini icra edən Xalq artisti Hacı İsmayılov çıxış edib, Lənkəran Dövlət Dram Teatrının keçdiyi zəngin inkişaf yolundan danışıb.
Teatr Xadimləri İttifaqının böyük səhnəsində göstərilən tamaşada müharibənin insanların taleyinə vurduğu zərbələrdən bəhs olunur. Dünyaca məşhur qırğız yazıçı Çingiz Aytmatovun eyniadlı povesti əsasında səhnələşdirən tamaşanın quruluşçu rejissoru İmran Ali Qurban, bəstəkarı Azər Hacıəsgərli, quruluşçu rəssamı Tərlan Sadıqov, rəssamı Nərgiz Baxşızadə, geyim üzrə rəssamı Gülü Süleymanlı, rejissor assistenti Günay Səlimzadədir.
Rolları Aysel Babazadə (Cəmilə), Teymur Hacızadə (Seyit), Emil Rzayev (Daniyar), Prezident mükafatçısı Aynur Əhmədova (Ana), Əbülfəz Axundov, Buludxan Buludov (Orozmət ağa), Saleh Əzimzadə (Osman), Səyad Əliyev (Sadıq), Ayşən Əsədova, Məleykə Cəfərova, Günel Abbaszadə, Vəfa Hacızadə (kəndli qızlar), Əlirza Şahbazi və Amil İbrahimli (kəndli oğlanlar) ifa edir.
Tamaşanın nümayişindən sonra Azərbaycan səhnəsinə maraqlı tamaşalar bəxş edən Lənkəran Dövlət Dram Teatrının kollektivinə uğurlar arzulayan Hacı İsmayılov milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə və dövlət statusunun bərpasının 50 illik yubileyi münasibəti ilə teatrı İttifaqın Fəxri fərmanı ilə təltif edib. Fəxri fərman teatrın direktoru vəzifəsini icra edən İntiqam Hacılıya təqdim edilib. Tədbirdə həmçinin teatrın inkişafında xüsusi xidmətləri olan aktyorlar – Xalq artisti Qabil Quliyev Fəxri fərmanla, Xalq artisti Böyükxanım Əliyeva və aktrisa Şahrud Mehdiyeva “Qızılgül” mükafatı ilə təltif olunub.
Sonda tamaşanın uğurlu quruluşuna görə gənc rejissor İmran Ali Qurban İttifaqın Fəxri fərmanına layiq görülüb. Təltif olunanlar göstərilən diqqətə görə Teatr Xadimləri İttifaqına dərin minnətdarlıqlarını bildiriblər.