Lənkəran Dövlət Dram Teatrı növbəti uğurlu qastrol səfərini Ağsu rayonunda həyata keçirib.
7 iyul 2026
Lənkəran Dövlət Dram Teatrının Ağsuya uğurlu qastrol səfəri
"Azərbaycan Mədəniyyəti – 2040" konsepsiyası, Azərbaycan Respublikası Prezidentinin mədəniyyətin inkişafına dair müvafiq sərəncamları və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi çərçivəsində Lənkəran Dövlət Dram Teatrı növbəti uğurlu qastrol səfərini Ağsu rayonunda həyata keçirib.
7 iyul 2026-cı il tarixində teatr kollektivi dahi Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasını Ağsu Rayon Mədəniyyət Mərkəzində təqdim edib. Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar xanım Hüseynovadır. Səhnə əsəri rayon ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. Aktyor oyunu, peşəkar rejissor işi və səhnə tərtibatı tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib.
Tamaşanın sonunda Ağsu Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Sevil xanım Mirzəyeva, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı hörmətli Rövşən Bağırov adından, başda Laləzar xanım Hüseynova olmaqla, bütün teatr kollektivinə minnətdarlığını bildirib. O, Lənkəran Dövlət Dram Teatrının zəngin ənənələrə malik olan sənət ocağı olduğunu qeyd edərək vurğulayıb:
Üzeyir Hacıbəyov yaradıcılığına müraciət edərək möhtəşəm bir tamaşa hazırlayıb tamaşaçılara təqdim etmək rejissorun uğuru və cəsarətli addımıdır. Sizə kollektiv olaraq böyük yaradıcılıq uğurları arzulayıram.
Lənkəran Dövlət Dram Teatrının direktoru Laləzar xanım Hüseynova səmimi qarşılanmaya görə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov müəllimə və rayon ictimaiyyətinə bir daha təşəkkür edib. O qeyd edib ki, Üzeyir Hacıbəyov yaradıcılığı hər zaman öz aktuallığını qoruyub saxlayır:
Bu cür qastrol səfərləri bölgələrdə teatr sənətinin təbliğinə, yeni tamaşaçı auditoriyasının formalaşmasına, klassik Azərbaycan dramaturgiyası nümunələrinin xalqımızın bütün təbəqələrinə çatdırılmasına və teatr sənətinin inkişafına böyük töhfə verir.
