Lənkəran Dövlət Dram Teatrı Salyan şəhərində qastrolda olub
2 iyul 2026
Lənkəran Dövlət Dram Teatrının Salyan qastrolu böyük maraqla qarşılanıb
“Azərbaycan Mədəniyyəti 2040” konsepsiyası, Azərbaycan Respublikası Prezidentinin mədəniyyətin inkişafına dair müvafiq sərəncamları və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi çərçivəsində Lənkəran Dövlət Dram Teatrı növbəti uğurlu qastrol səfərini Salyan rayonunda həyata keçirib.
2 iyul 2026-cı il tarixində teatr kollektivi görkəmli alman dramaturqu Fridrix Şillerin “Məkr və məhəbbət” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı Salyan Rayon Mədəniyyət Mərkəzində təqdim edib.
Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi tamaşa peşəkar rejissor həlli, təsirli aktyor oyunu, zəngin səhnə tərtibatı və musiqi həlli ilə seçilərək Salyan tamaşaçıları tərəfindən böyük maraq və sürəkli alqışlarla qarşılanıb.
Tamaşadan sonra rayonun ziyalıları və sənətsevərləri yaradıcı heyətlə görüşərək təəssüratlarını bölüşüblər.
Əməkdar mədəniyyət işçisi Cahangir Qaraşov çıxışında tamaşanın yüksək peşəkarlıqla ərsəyə gətirildiyini vurğulayaraq quruluşçu rejissoru və yaradıcı heyəti təbrik edib. O, Lənkəran Dövlət Dram Teatrının zəngin ənənələrə malik sənət ocağı olduğunu qeyd edərək tamaşanın səhnə tərtibatını, aktyor ifasını və musiqi həllini xüsusi yüksək qiymətləndirib.
Tarixçi-tədqiqatçı Sahib Həsənov tamaşadakı aktyor oyununu yüksək dəyərləndirərək klassik əsərin müasir səhnə yozumunun tamaşaçılar tərəfindən maraqla qarşılandığını bildirib.
Respublikanın Əməkdar artisti Rafiq Mirzə isə çıxışında Lənkəran Dövlət Dram Teatrının onun üçün doğma sənət məkanı olduğunu qeyd edib, teatrın direktoru Laləzar xanım Hüseynovanın klassik teatr ənənələrinin yaşadılması və inkişaf etdirilməsi istiqamətində gördüyü işləri yüksək qiymətləndirib.
Sonda Lənkəran Dövlət Dram Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar xanım Hüseynova səmimi qarşılanmaya və göstərilən qonaqpərvərliyə görə Şirvan–Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadəyə, eləcə də Salyan rayonunun mədəniyyət ictimaiyyətinə təşəkkürünü bildirib. O qeyd edib ki, Fridrix Şillerin “Məkr və məhəbbət” əsəri bu gün də aktuallığını qoruyub saxlayır və cəmiyyəti düşündürən mühüm mənəvi-əxlaqi problemləri özündə əks etdirir.
Laləzar xanım Hüseynova çıxışını bu sözlərlə tamamlayıb:
“Mənim üçün doğma və əziz olan Salyan tamaşaçıları, sizlərə dərin minnətdarlığımı bildirirəm. Bizləri tək qoymadınız. Bu səmimi sevgi və alqışlar bizim üçün ən böyük mükafatdır. Çox sağ olun!”
Qastrol proqramı çərçivəsində keçirilən tamaşa Salyan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib və Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivinə yeni uğurlar arzulanıb. Sonda xatirə şəkilləri çəkdirilib.
