
Lənkəran Dövlət Dram Teatrında 135-ci teatr mövsümünün açılışı keçirilib
03 Sentyabr 2025
Lənkəran Dövlət Dram Teatrında yeni – 135-ci teatr mövsümünün açılışına həsr olunmuş yığıncaq keçirilib.
Yığıncağı teatrın direktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar xanım Hüseynova açaraq, kollektivi yeni mövsümün başlanması münasibətilə təbrik edib. Direktor çıxışında ötən mövsümdə teatrın qazandığı uğurlardan söz açıb, əldə olunan nailiyyətlərin kollektivin zəhməti və yaradıcılıq əzminin nəticəsi olduğunu vurğulayıb. O, yeni mövsümdə də teatrın maraqlı tamaşalarla çıxış edərək tamaşaçıların rəğbətini qazanacağına əminliyini ifadə edib.
Çıxış edən digər natiqlər də teatr rəhbərliyini və kollektiv üzvlərini təbrik edərək, qarşıdakı mövsümdə onlara yeni yaradıcılıq uğurları arzulayıblar.
Qeyd edək ki, Lənkəran Dövlət Dram Teatrı hər mövsümdə olduğu kimi, bu il də müxtəlif janrlarda tamaşalar təqdim etməyi, klassik və müasir dramaturqların əsərlərini səhnələşdirməyi planlaşdırır. Tamaşaçılar yaxın günlərdə bir neçə yeni premyeranın təqdimatını izləyə biləcəklər.