Lənkəran Dövlət Dram Teatrında ümumi iclas keçirilib.
06 Fevral 2026
Lənkəran Dövlət Dram Teatrında ümumi iclas keçirilib
06 fevral 2026-cı il tarixində Lənkəran Dövlət Dram Teatrında 2025-ci ilin yekunlarına həsr olunmuş ümumi iclas keçirilib.
İclas zamanı teatrın direktoru Laləzar xanım Hüseynova 134-cü teatr mövsümü ərzində kollektivin qarşıya qoyduğu məqsədlərə uğurla nail olduğunu, repertuar siyasəti və plan-proqnoz göstəricilərini yüksək səviyyədə icra etdiyini qeyd etmişdir. Hesabat dövründə Bakı şəhərinə və respublikanın müxtəlif regionlarına qastrol səfərləri təşkil olunmuşdur.
Qeyd olunmuşdur ki, repertuar planına uyğun olaraq dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə səhnələşdirilən “Arşın mal alan” musiqili komediyası, F.Şillerin “Məkr və məhəbbət”, M.Əliyevin “Kölgəli üz”, V.Şekspirin “Kral Lir”, X.Əlibəylinin “Dovşanın ad günü” və E.Əsgərovun “Sehrli Yeni il” tamaşaları hazırlanmışdır. Tamaşalar teatrsevərlər tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır.
İclasda Mədəniyyət Nazirliyi tərəfindən teatr sahəsində həyata keçirilən struktur islahatları haqqında ətraflı məlumat verilmiş, yeni təyin olunmuş şöbə rəhbərlərini kollektivə təqdim etmişdir.
Eyni zamanda “Azərbaycan mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı kollektiv üzvlərinin diqqətinə çatdırılmışdır.
Müzakirələr zamanı Respublikanın Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlar Miraslan Ağayev, Allahverən Babayev və Aynur Əhmədova çıxış edərək səsləndirilən məsələlərə münasibətlərini bildirmişdirlər.
Ümumi iclas xatirə fotosunun çəkilişi ilə yekunlaşmışdır.
