Lənkəran Dövlət Dram Teatrında yeni mövsümün ilk premyerası

19 sentyabr 2025


Lənkəran Dövlət Dram Teatrında yeni mövsümün ilk premyerası

19 sentyabr 2025-ci il tarixində Dövlət Dram Teatrında 135-ci teatr mövsümünün açılışı böyük coşqu ilə qeyd olunub. Mövsümün ilk tamaşası alman klassik dramaturqu Fridrix Şillerin “Məkr və Məhəbbət” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa olub.

Tədbir teatrın tanınmış aktrisası Aynur Əhmədovanın aparıcılığı ilə başlayıb. O, teatrın sevimli aktyorlarını alqış sədaları altında qarşılayaraq, Lənkəran Dövlət Dram Teatrının zəngin tarixindən və kollektivin illər ərzində yaratdığı yaddaqalan obrazlardan danışıb. Sevimli aktyorların sənətə verdiyi töhfələr vurğulanıb və çıxış tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

135-ci teatr mövsümünün açılışı münasibətilə çıxış edən teatrın direktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi, Dağıstan Respublikasının Əməkdar atristi Laləzar xanım Hüseynova tamaşaçıları salamlayıb və kollektivini yeni mövsüm münasibətilə təbrik edib. O, teatrın qarşıdakı yaradıcılıq planlarından söz açaraq, tamaşaçıları teatra gəlməyə, teatr sənətini sevməyə və sənətlə birlikdə olmağa dəvət edib.

Daha sonra mövsümun ilk premyerasi baş tutub.

Tamaşanın quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Fuad Babazadə, musiqi tərtibatını isə Vüqar Fərəcov həyata keçirib.

Əsərdə rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, həmçinin Gülər Kərimli, Saleh Əzimzadə, Məleykə Cəfərova, Səyad Əliyev və Teymur Hacızadə ifa ediblər. Tamaşa teatrsevərlər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

“Məkr və Məhəbbət” klassik alman dramaturgiyasının şah əsərlərindən biridir. Şiller bu əsərdə feodal cəmiyyətdə hökm sürən rüşvət, yaltaqlıq və siyasi oyunların insan talelərini necə məhv etdiyini kəskin tənqid edir. Əsərin mərkəzində gənc zabit Ferdinandla sadə musiqiçi qızı Luizanın saf məhəbbəti dayanır. Onların sevgisi saray məkrinə, siyasi oyunlara və sinfi ayrı-seçkiliyə qarşı dura bilmir. Məkrin gücü məhəbbəti məhv etsə də, əsər tamaşaçılara vicdanın və insani duyğuların əsl dəyərini xatırladır, azadlıq və ədalət ideyalarını ön plana çıxarır.

Lənkəran Dövlət Dram Teatrının səhnəsində təqdim edilən bu yeni quruluş həm klassik dramaturgiyanın zəngin bədii-estetik irsini tamaşaçılara çatdırır, həm də bugünkü dövr üçün düşündürücü mesajlar verir.

Tamaşa teatrsevərlər tərəfindən böyük maraqla qarşılanıb.