Lənkəran Dövlət Dram Teatrında Yubiley Paradı

13 Fevral 2026


Lənkəran Dövlət Dram Teatrında Yubiley Paradı

13 fevral 2026-cı il tarixində Lənkəran Dövlət Dram Teatrında bir qrup əməkdaşın yubileyləri təntənəli şəkildə qeyd olunub.

 Tədbirin rəsmi hissəsində çıxış edən teatrın direktoru, Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar xanım Hüseynova yubilyarların sənət yoluna nəzər salaraq vurğulayıb ki, səhnə yalnız istedad deyil, həm də sonsuz fədakarlıq və sədaqət tələb edir. O qeyd edib ki, təltif olunan sənətkarların hər biri həmin yüksək dəyərlərin canlı təcəssümüdür.

 Gecədə teatrın sütunlarından sayılan, uzun illər ərzində yaratdığı parlaq obrazlarla seçilən Əməkdar artist Sucəddin Mirzəyevin peşəkar səhnə fəaliyyəti yüksək ehtiramla yad edilib. Allahverən Babayev özünəməxsus ifa tərzi və xarakterik personajları ilə sənətsevərlərin rəğbətini qazanmış sənətkar kimi xüsusi qeyd olunub. Yubilyarlar sırasında yer alan aktyor Rauf Zeynalov, direktor müavini Oruc Şərbətov və Strategiya və Kommunikasiya şöbə müdiri Namiq Ağayev də teatr fəaliyyətlərinə görə diqqət mərkəzində olub.

 Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə xanım Əliyeva İcra başçısı cənab Taleh Qaraşovun təbriklərini çatdıraraq yubilyarlara Fəxri fərmanlar təqdim edib. O, teatrın cəmiyyətin mənəvi gücünün formalaşmasındakı rolunu əvəzsiz adlandırıb.

 Azərbaycanın məşhur aktyoru və bədii qiraətçisi, Azərbaycan Respublikasının əməkdar artisti, 3-cü dərəcəli “Əmək” ordenli professor, “Sənətkar” medalı laureatı Azad Şükürov Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası Sucəddin Mirzəyevi, teatrın dram artisti Allahverən Babayevi İttifaqın “Teatr fədaisi” medalı ilə, Strategiya və Kommunikasiya şöbə müdiri Namiq Ağayevi diplomla təltif edərək mükafatın illərlə çəkilən zəhmətin rəmzi olduğunu bildirib.

 Tədbirdə həmçinin Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin rəhbəri, yazıçı-dramaturq Qafar Cəfərli çıxış edərək sənətkarların gənc nəsil üçün örnək olduğunu vurğulayıb. 

  Rəsmi hissənin sonunda Laləzar xanım Hüseynova tərəfindən yubilyarlara teatrın daxili fəxri fərmanları təqdim edilib.Təltifetmə mərasimindən sonra nümayiş olunan “Şəhid Bayrağı” tamaşası axşamın bədii yükünü tamamlayıb.