Lənkəran Dövlət Dram Teatrının heyəti Füzuli dövlət Dram Teatrının qonağı olub

26 Noyabr 2023


Noyabrın 25-i Füzuli Dövlət Dram Teatrında Nicat Mirzənin Sevinc Elsevərin “Həyat elə bir oyun ki...” monopyesi əsasında hazırladığı eyniadlı tamaşanın premyerası keçirilib.

Lənkəran Dövlət Dram Teatrının direktor müavini, direktor v.i.e. İntiqam Hacılı, baş rejissoru Anar Babalı, aparıcı səhnə ustaları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, quruluşçu rejissoru Emil Əskərov və Ədəbi dram hissə müdiri Həmid Piriyev və Qazax Dövlət Dram Teatrının bir qrup əməkdaşı Füzuli Dövlət Dram Teatrı rəhbərliyinin dəvəti ilə premyerada iştirak edib.

Nümayişdən qabaq Füzuli Dövlət Dram Teatrının direktoru Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev qonaqları teatrın heyəti və yaradıcı sexləri ilə tanış edib.

Daha sonra “Elə bir oyun ki...” tamaşasının nümayişi baş tutub. Qeyd edək ki, tamaşa aktrisa İntizar Quliyevanın 60 illik yubileyinə həsr olunub. Tamaşanın quruluşçu rejissoru Nicat Mirzə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanov, rejissor assistenti Gülgəz Soltanovadır.

Tamaşadan sonra söz qonaqlara verilib. Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, İntiqam Hacılı, əsərin müəllifi Sevinc Elsevər, teatr tənqidçiləri Vidadi Qafarov, Dağlar Yusif Əfəndi, Aliyə Dadaşova, Qaza Dövlət Dram Teatrının direktor v.i.e. Allahverdi Musayev və aktyor Yusif Qoca çıxış edərək tamaşanın rejissorunu və aktrisasını təbrik edib, Füzuli Dövlət Dram Teatrına gələcək işlərində uğurlar arzulayıb.

İntizar xanım Quliyeva uğurlu çıxışına görə Lənkəran Dövlət Dram Teatrının rəhbərliyi tərəfindən pul mükafatına layiq görülüb və "Elə bir oyun ki..." tamaşası 2024-cü ilin ilk rübündə Lənkəran teatrının səhnəsinə dəvət alıb.