Lənkəran Dövlət Dram Teatrının kollektivi Şirvanda qastrol səfərində olub

10 oktyabr 2025


09 oktyabr 2025-ci il tarixində Lənkəran Dövlət Dram Teatrının kollektivi Məmmədhüseyn Əliyevin “Kölgəli üz” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə Şirvan rayonunda qastrol səfərində olub.

Tamaşa Şirvan Rayon Mədəniyyət Mərkəzində nümayiş etdirilib. Səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Bir idarə, iki düşmən, saysız-hesabsız “sovqat” və bitib-tükənməyən dedi-qodular...

Burada iclasdan çox qeybət var, elmi işdən çox intriqa, əməkdaşlıqdan çox isə “kölgə oyunu”.

Ramazanzadə – müdir kreslosunda oturub, amma özü də bilməz: ətrafındakılar dostdur, yoxsa düşmən? Onun bir tərəfində daim “tab gətirən” Razı dayanır. Razı hər kəsi “köpəkoğlu” adlandırır, hər tənqidə pul çıxarır, hər hədiyyəni “hörmət” kimi qəbul edir. Digər tərəfində isə heç vaxt susmayan Rəfizadə dayanıb – o, hər addımda “iftira” və ya “fakt” axtarır, müdirin gözdən düşməsi üçün çalışır.

Bir iki nəfərin çəkişməsi bəzən tribunal, bəzən məhkəmə zalını, bəzən də kənd toyunu xatırladır – biri danışır, o biri sözünün üstünə “qənd” qoyur, tamaşaçı isə gülə-gülə izləyir.

Katibə Darçın isə idarənin “yumor generatoru”dur. Onun ən məşhur sözü belə bir deyimə çevrilib: “Razı mən bilər!” Sanki idarənin qanun kitabı yoxdur, yalnız bir “qanun var” – Razı nə deyirsə, odur!

Amma işin ən maraqlı tərəfi sovqatlardadır. Çünki burda tufli, kostyum, sabun, ətuxnasında bəzən böyük sirrlər gizlənir. Gülməli görünür, amma hər sovqatın altında rüşvətin izi, hər zarafatın içində isə bir həqiqət yatır.

Pyes boyu tamaşa gah qəhqəhə ilə gülür, gah da dodaqaltı düşünür: “Görəsən, sadiqlik nədir, kimindir?”

Quruluşçu rejissor: Emil Əskərov

Quruluşçu rəssam: Tərlan Sadıqov

Rəssam: Sevən Həsənli

Musiqi tərtibatı: Vüqar Fərəcov

Rolları ifa edirlər

Ramazan Ramazanov – Miraslan Ağayev

Razı – Elçin Hacıyev

Rəfizadə – Allahverən Babayev

Çöhrə – Qızılgül Quliyeva

İncə – Şəbnəm Hüseynova

Darçın – Məleykə Cəfərova

Akim – Səyad Əliyev

Qəvvam – Elvin Məmmədov

İlham – Cəfər Səlimov