
Məmmədhüseyn Əliyevin 100 illik yubileyi keçirildi
20 oktyabr 2025
Məmmədhüseyn Əliyevin 100 illik yubileyi və “Kölgəli üz” tamaşasının premyerası keçirildi
19 oktyabr 2025-ci il tarixində Lənkəran Dövlət Dram Teatrında yazıçı, dramaturq, əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyevin 100 illik yubileyi və “Kölgəli üz” tamaşasının premyerası baş tutub.
Tədbirin aparıcılığını Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası Aynur Əhmədova edib. O, tədbiri açaraq qonaqları salamlayıb və Məmmədhüseyn Əliyev haqqında yazıçı Hafiz Mirzənin müəllifi olduğu “Dağlar oğlu" Məmmədhüseyn Əliyev filmi təqdim olunub.
Daha sonra səhnəyə Lənkəran Dövlət Dram Teatrının direktoru, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının əməkdar artisti Laləzar xanım Hüseynova dəvət olunub. Laləzar xanım teatra gələn qonaqları salamlayıb, premyera münasibətilə teatr kollektivini təbrik edib. O, Məmmədhüseyn Əliyevin yaradıcılığından söz açaraq onun zəngin ədəbi irsindən və Lənkəran Dövlət Dram Teatrında səhnəyə qoyulan əsərlərindən bəhs edib.
Daha sonra səhnəyə Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin rəhbəri, yazıçı, dramaturq Qafar Cəfərli dəvət olunub. Qafar Cəfərli qonaqları salamlayaraq Məmmədhüseyn Əliyevin yaradıcılığından, onun Lənkəranın ictimai-mədəni həyatında oynadığı roldan danışıb. O, həmçinin qeyd edib ki, Məmmədhüseyn Əliyevin zəngin ədəbi irsi bu gün də yaşayır və Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin məhz onun təşəbbüsü və səyləri nəticəsində formalaşdığını vurğulayıb.
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov çıxış edərək Məmmədhüseyn Əliyevin yaradıcılıq yolundan söz açıb, onun Lerik rayonunun görkəmli ziyalılarından biri olduğunu qeyd edib.
Lerikin İnkişafına Yardım Qrupunun sədri, iqtisad elmləri namizədi, professor Arzuman Muradlı çıxış edərək, Məmmədhüseyin Əliyevin yaradıcılığından danışdı. O bildirdi ki, Məmmədhüseyin Əliyevin ədəbi fəaliyyəti bu gün də gənc nəsil tərəfindən maraqla izlənilir. Həmçinin, "Dağlar oğlu" romanı barədə danışan qonaq qeyd etdi ki, əsər yalnız Azərbaycanda deyil, MDB ölkələrində və dünyanın bir çox ölkələrində də məşhurdur.
Daha sonra söz Məmmədhüseyn Əliyevin qızı, fəlsəfə elmləri doktoru Sədaqət xanım Əliyevaya verilib. Sədaqət xanım Əliyeva bu yubiley gecəsində iştirak edən qonaqlara səmimi minnətdarlığını bildirib. O, atasının bir valideyn, müəllim, görkəmli yazıçı və nasir kimi yaradıcılıq yolundan bəhs edib.
Sonra Lerik ziyalılarından olan Muqabil Şahbazov çıxış edərək bildirib ki, Məmmədhüseyn Əliyev onun müəllimi olub. O, Lerikin ictimai və sosial həyatında Məmmədhüseyn Əliyevin böyük zəhmətinin olduğunu vurğulayıb və bir neçə nəslin formalaşmasında bu böyük şəxsiyyətin mühüm rol oynadığını qeyd edib.
Yubiley tədbirindən sonra Məmmədhüseyn Əliyevin müəllifi olduğu “Kölgəli üz” əsəri əsasında hazırlanmış eyni adlı tamaşanın nümayişi baş tutub. Tamaşa teatrsevərlər tərəfindən böyük maraq və sevgi ilə qarşılanıb.
Məmmədhüseyn Əliyevin 100 illik yubileyi münasibətilə təşkil olunan tədbir Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsi və Lənkəran Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə həyata keçirilib.