Uğurlu qastrol səfərini Neftçala rayonunda həyata keçirib

2 iyul 2026


“Azərbaycan Mədəniyyəti 2040” konsepsiyası, Azərbaycan Respublikası Prezidentinin mədəniyyətin inkişafına dair müvafiq sərəncamları və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi çərçivəsində Lənkəran Dövlət Dram Teatrı növbəti uğurlu qastrol səfərini Neftçala rayonunda həyata keçirib.

2 iyul 2026-cı il tarixində teatr kollektivi görkəmli alman dramaturqu Fridrix Şillerin “Məkr və məhəbbət” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı Neftçala Rayon Mədəniyyət Mərkəzində təqdim edib.

Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi tamaşa peşəkar aktyor oyunu, uğurlu rejissor həlli və zəngin səhnə tərtibatı ilə tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Tamaşanın sonunda Lənkəran Dövlət Dram Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar Hüseynova qastrol səfərinin yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadəyə təşəkkürünü bildirib.

Çıxış zamanı vurğulanıb ki, bu cür qastrol səfərləri bölgələrdə teatr sənətinin təbliğinə, yeni tamaşaçı auditoriyasının formalaşmasına, klassik dramaturgiya nümunələrinin daha geniş ictimaiyyətə çatdırılmasına və teatr sənətinin inkişafına mühüm töhfə verir.

Səfərin sonunda xatirə şəkilləri çəkdirilib və bu yaddaqalan görüşün xoş anları əbədiləşdirilib.