Zəfərə aparan yol
08 noyabr 2025
Lənkəran Dövlət Dram Teatrında “Zəfərə aparan yol” kompozisiyası təqdim olundu
8 Noyabr – Zəfər Günü münasibətilə Lənkəran Dövlət Dram Teatrında “Zəfərə aparan yol” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.
Tədbirdən öncə Vətən torpaqlarının azadlığı uğrunda canını qurban vermiş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Lənkəran Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva, Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, Lənkəran Dövlət Universitetinin prorektoru, Sosial məsələlər və ictimai işlər şöbəsinin rəhbəri Ramiz Şammədov, eləcə də əsgərlər və zabitlər, şəhərin mədəniyyət və təhsil müəssisələrinin nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər.
Tədbir Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin rəmzi kimi Azərbaycan xalqının döyünən vətənpərvərlik ruhunu, birliyini və qəhrəman oğullarının igidliyini əks etdirib. Səhnədə “Zəfərə aparan yol”un ağrısı, fədakarlığı və qüruru bədii şəkildə canlandırılıb.
Bu kompozisiya müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun qazandığı tarixi qələbənin tərənnümüdür. O qələbə ki, xalqımızın iradəsinin, birliyinin və torpaq sevgisinin parlaq təntənəsinə çevrilib. Bu səhnə əsəri hər bir tamaşaçıya bir daha xatırladır ki, Zəfər – bu xalqın ruhundadır, bu torpağın yaddaşındadır.
Kompozisiyada rolları: Xalq artisti Qabil Quliyev, əməkdar artist Sucəddin Mirzəyev, aktyorlardan Allahverən Babayev, Şəbnəm Hüseynova, Ayşən Əsədova, Saleh Əzimzadə, Məleykə Cəfərova, Teymur Hacızadə, Elvin Məmmədov və Cəfər Səlimov ifa ediblər.
