Əməkdar artist Niftulla Əsgərov vəfat edib
22 Yanvar 2024
Azərbaycan Respublikasının Əməkdar artisti Niftulla Fətulla oğlu Əsgərov vəfat edib.
Niftulla Əsgərov 5 iyul 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub.
Bakı Kitabxanaçılıq Texnikumunun mədəni-maаrif şöbəsinin özfəaliyyət dram kollektivinin rəhbəri tam kursunu bitirdikdən sonra təhsilini Rostov Pedaqoji İnstitutunda davam etdirib.
1986-cı ildən Lənkəran Mədəniyyət şöbəsində mədəniyyət evinin direktoru vəzifəsində çalışıb.
1995-ci ildən Lənkəran Dövlət Dram Teatrının aktyorudur.
Teatrda S.M.Qənizadənin “Xor-xor”əsərində Seyfulla, İ.Məlikzadənin "Gəl qohum olaq”ında Camal, H.Abbaszadənin “Həzi Aslanov”unda Bekişvilli, Ü.Hacıbəyovun “Olanlardan-keçənlərdən”ində Atamoğlan əmi, N.B.Vəzirovun “Hacı Qənbər”ində Qıdı Kirvə, E.İsgəndərzadənin “Qalxın, məhkəmə gəlir”ində Bəhruz, H. Mirələmovun “Vicdanın hökmü”ndə Aşot, B. Nuşiçin “Nazirin xanımı”nda Çeda, N.Nərimanovun “Nadir şah”nda Əliəşrəf bəy və sair obrazlara səhnə həyatı verib.
Paralel olaraq “My name is İntiqam”, “My name is İntiqam 2”, “Bayram axşamı”, “Bığ əhvalatı”, “Vəziyyət rusca”, “Elçilik” və başqa filmlərdə, “Bizim Əhməd haradadır?”, “Xalxın evi” və s. seriallarında aktyor kimi çəkilib.
2014-cü ildə teatrın inkişafında xidmətlərinə görə Mədəniyyət Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. 2018-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
Niftulla Əsgərov uzun sürən xəstəlikdən sonra 2024-cü il yanvarın 22-si səhər saatlarında vəfat edib.
Yanvarın 22-si saat 12:00-da Lənkəran Dövlət Dram Teatrında Əməkdar artist Niftulla Əsgərovla vida mərasimi keçirilib.
Mərasimdə mərhumun sənət yoldaşları, Lənkəran Şəhər İcra Hakimiyyətinin və Lənkəran Regional Mədəniyyət İdarəsinin nümayəndələri, Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin sədri və üzvləri, mərhumun ailə üzvləri, yaxınları və şəhər ictimaiyyəti iştirak edib.
LDDT-nın direktor v.i.e. İntiqam Hacılı, Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlardan Miraslan Ağayev, Qızılgül Quliyeva, Lənkəran Regional Mədəniyyət İdarəsinin müdiri Bəxtiyar Qılıncov çıxış edərək Niftulla Əsgərov haqqında ürək sözlərini, xatirələrini bölüşüblər.
Mərhumun nəşi Girdəni kənd qəbiristanlığında torpağa tapşırılıb.